2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr edilmiş “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak edib.
Mühazirədə giriş sözü ilə çıxış edən kafedra müdiri Esmira Cəfərova Mingəçevirin günü-gündən inkişaf etdiyini və müasirləşdiyini qeyd edib və doğma şəhərin yaradılmasının 74 illiyi münasibətilə təbriklərini çatdırıb. Təməlinin XX əsrin ortalarından qoyulmasına baxmayaraq Mingəçevirin yerləşdiyi ərazinin köklü tarixə sahib olduğunu diqqətə çatdıran E.Cəfərova tələbələrin təhsil aldıqları şəhərin keçmişi və bu günü ilə bağlı maarifləndirilməsinin zəruriliyini və mühazirənin önəmini vurğulayıb.
Sonra, kafedranın müəllimi Vüsalə Mövlayeva məruzə ilə çıxış edib. Məruzədə Mingəçevirin qədim tarixindən, təbii-coğrafi mövqeyindən və sosial-iqtisadi inkişafından bəhs edilib. Dövlətin yüksək diqqət və qayğısı sayəsində Mingəçevirdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrində gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib.
Maraqla qarşılanan mühazirədə iştirakçıların sualları cavablandırılıb.