MDU-nun gələcək pedaqoqları konfransda bir araya gəldilər

  • Post category:Xəbərlər (AZ)

MDU-nun gələcək pedaqoqları konfransda bir araya gəldilər

Mingəçevir Dövlət Universitetində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi konransı keçirilmişdir.  

Tədbiri giriş sözü ilə fakültə dekani, t.f.d., dosent Nizami Zeynalov açaraq, Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynadığını qeyd etmişdir. Vurğulamışdır ki, məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.

Sonra Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov çıxış edib. Konfrans iştirakçılarına rektor Akif Hacıyevin salamlarını yetirib və konfransın işinə uğurlar bildirib. Qeyd edib ki, dövlətimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin cəmiyyətdəki fəallığının yüksəldilməsindən çox asılıdır.

Veysəl Əyyubov vurğulayıb ki, universitetdə gənc tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyət tələbələrin elmi fəaliyyətinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr seçilir və cəmiyyət sıralarına daxil edilir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.

Sonra İS16 saylı qrupun tələbəsi Aytac Talıbova “Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində tədbirləri”(Elmi rəhbər: p.f.d., dosent Sahib Məmmədov); MT16 saylı qrupun tələbəsi Könül Hasilova “Azərbaycan Xalq Cümhuriyyətinin vətənpərvərlik ənənələri və müasir gənclik” (Elmi rəhbər: baş müəllim Səbinə Quliyeva); R16 saylı qrupun tələbəsi Əskərxan İbrahimov “Vektorların skalyar hasilinin çalışmalar həllinin tətbiqi” (Elmi rəhbər: baş müəllim Vaqif Abdullayev); XD17 saylı qrupun tələbəsi Təranə Hacıyeva “Emojilər” yeni ünsiyyət vasitəsi kimi (Elmi rəhbər: müəllim Gülnarə Qurbanova); R16 saylı qrupun tələbəsi Nurlanə İsbəndiyərli “Riyazi məntiqin əməlləri” (Elmi rəhbər: müəllim Rövşən Babayev) mövzularında məruzə etmişlər.

Tələbələrin tezisləri və çıxışları ilə əlaqədar “Riyaziyyat” kafedrasının müdiri, dosent Sahib Mustafayev, “Xarici dillər” kafedrasının müdiri Zenfira Əzizova fikir mübadiləsi aparıblar.

Konfransın sonunda Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Günəş Şəfaqətov tədris prosesi ilə elmin bir-biriylə qarşılıqlı vəhdəti nəticəsində nəzərəçarpacaq uğurların yarandığını deyib. MDU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən sədr tələbələrin inkişaf etməsi ilə ətraf mühitə təsir göstərdiklərini söyləyib. O, elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Vurğulayıb ki, bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. MDU-da elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”. 

{phocagallery view=category|categoryid=89|limitstart=0|limitcount=0}