Mingəçevir Dövlət Universitetində “Karyera və perspektiv imkanlar” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçlığı ilə “Karyera və perspektiv imkanlar” mövzusunda seminar keçirilib.

MDU-nun akademik heyət üzvlərinin və tələbələrin iştirak etdiyi seminarda “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs magistrant İlham İlyasov məruzə ilə çıxış edib.

Məruzədə İ.İlyasov karyera inkişafının planlaşdırılması və effektiv idarə olunması, hədəflərin mövcud və perspektiv imkanlara əsaslanaraq müəyyənləşdirilməsi məsələlərindən danışıb. Bilik və bacarıqları davamlı surətdə inkişaf etdirməyin, çətinlikləri fürsətə çevirməyin, fürsətlərə və yeniliklərə daim hazır olmağın və digər xüsusiyyətlərin karyera yüksəlişində əhəmiyyətindən bəhs edən məruzəçi bununla bağlı peşəkar şəxslərin təcrübəsindən faydalanmağın üstünlüklərini qeyd edib.

Əmək bazarının perspektivlərindən söhbət açan İ.İlyasov hazırda peşə təhsilinə təlabatın getdikcə artdığını qeyd edib və sahibkarlıq karyerasının inkişafında peşə təhsilinin önəmini vurğulayıb. Universitetlər və peşə məktəbləri arasında işbirliyinin imkanlarından bəhs edən məruzəçi hər iki təhsil müəssisəsinin innovasiya potensialının güclənməsinə, təhsilalanların və təhsilverənlərin karyera inkişafına müsbət təsir edə biləcək ortaq layihələrdən danışıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzə ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da təhsilalanların bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlim və seminarların təşkilinə xüsusi önəm verilir.