Mingəçevir Dövlət Universitetinin tələbəsi “İlin Könüllüsü” mükafatına layiq görülüb

  • Post category:Könüllülük

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Dağlar Babayev 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır! Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”nda “Pandemiya dövründə könüllülük” kateqoriyası üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

 

2018-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü olan Dağlar Babayev RİİB-in həyata keçirdiyi “COVID-19” infeksiyasına qarşı mübarizə və maarifləndirmə tədbirlərində, ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə həyata keçirilən “Biz birlikdə güclüyük” aksiyası zamanı həssas kateqoriyadan olan ailələrə sovqatların çatdırılmasında və digər aksiyalarda, tədbirlərdə könüllü kimi fəaliyyət göstərərək, fəallığı və təşkilatçılığı ilə seçilib.

 

Universitet rəhbərliyi, kollektivi və tələbə heyəti D.Babayevin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirir və ona gələcək işlərində uğurlar arzulayır.

 

Məlum olduğu kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

 

MDU tələbələrin könüllülük fəaliyyətinə fəal cəlb olunmasına böyük önəm verir və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsini hər zaman diqqətdə saxlayır.