Mingəçevirdə “Heydər Əliyev ili” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü il martın 30-da Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda II elmi-praktik konfrans keçirilib. Konfransda şəhər partiya təşkilatının nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.  

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış ediblər. Bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində birgə silsilə tədbirlərdən sayca ikincisi olan bu konfrans Ulu Öndərin memarı olduğu müasir və müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi titanik və misilsiz fəaliyyətlərin bir sıra aspektlərinin elmi-praktik əsaslarının öyrənilməsi və təbliği məqsədini daşıyır. Eyni zamanda, əbədiyaşar liderin zəngin irsinin gənc nəslə ötürülməsi baxımından bu cür tədbirlərin davamlı təşkilinin önəmi diqqətə çatdırılıb və konfransın işinə uğurlar arzulanıb. 

Açılış nitqlərindən sonra “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarx nümayiş etdirilib.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun əməkdaşlarından Günay Əliyeva “Müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı: Heydər Əliyev”,  Faiq Yusifli “Milli mədəniyyətimizin zənginləşməsində Heydər Əliyevin tarixi xidmətləri”, Şəlalə Quliyeva “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti”, Aynur Rzayeva “Heydər Əliyev və ana dilimiz” və YAP fəalı Lalə Əsgərova “Qurtuluşdan başlanan intibah yolu və müasir ekoloji siyasət” mövzusunda çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Konfrans “Zamanın Liderləri” adlı videoçarxın nümayişindən sonra başa çatıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.