You are currently viewing Mingəçevir Dövlət Universiteti “Erasmus+” proqramının qalibi olub (“Azərbaycan” qəzeti, 30.09.2022)

Mingəçevir Dövlət Universiteti “Erasmus+” proqramının qalibi olub (“Azərbaycan” qəzeti, 30.09.2022)

Qəzetin PDF versiyası

https://www.azerbaijan-news.az/

 

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing sustainable entrepreneurial ecosystem in Higher Education Institutions of Azerbaijan – ENGAGE) mövzusunda “Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. Bununla da MDU koordinator statusunda “Erasmus+” layihəsində qalib gələn ilk region universiteti olub.

 

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlər ali təhsil müəssisələrində daha çox innovativ ideyaların yaradılmasını, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılmasını, startap fəaliyyətlərinin genişləndirilməsini və universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək.

 

MDU-nun koordinatorluğu və idarəçiliyi ilə həyata keçiriləcək ENGAGE layihəsi 36 ay ərzində reallaşdırılacaq. Layihənin ilkin büdcəsi 800 min avrodur. Layihənin məzmununun hazırlanmasında Bakı Biznes Universitetinin təcrübəli əməkdaşları da fəal iştirak ediblər.

Layihənin əsas benefisiarları qismində Azərbaycanın 11 ali təhsil müəssisəsi (Mingəçevir Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universiteti) nəzərdə tutulub.

 

Eyni zamanda layihənin Azərbaycandan olan tərəfdaşları sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (İB) da yer alıb.

 

ENGAGE layihəsinin 5 Avropa İttifaqı ölkəsini təmsil edən tərəfdaş universitetləri bunlardır: Estoniyadan Tallin Texnologiya Universiteti (Tallin University of Technology), İsveçdən KTH Royal Texnologiya İnstitutu (KTH Royal Institute of Technology), Portuqaliyadan Lissabon Universiteti (University of Lisbon), İspaniyadan Kataloniya Politexnik Universiteti (Polytechnic University of Catalonia), Polşadan WSG İqtisadiyyat Universiteti (WSG University of Economy).