2022-ci ilin mayın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən “Peşələr Festivalı”nda təmsil olunub.
Tədbirdə Dövlət Məşğulluq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Bildirilib ki, festival yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, onlara əmək bazarının tələblərinə uyğun peşə seçimində dəstək göstərilməsi məqsədi daşıyır.
Festivalda MDU ilə bağlı stend də yer alıb. Universitetin festivalda təmsil olunan bir qrup əməkdaşı və tələbəsi stendlə maraqlanan iştirakçılara MDU-da kadr hazırlığı aparılan ixtisaslar və tələbələrin hərtərəfli inkişafı məqsədilə yaradılan imkanlar barədə məlumat verib, broşurlar paylayıb və verilən sualları cavablandırıblar.
Qeyd edək ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək imkanı əldə edirlər.