2022-ci ilin 8 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında iştirak edəcək universitetin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə görüşüb.
Yay Təcrübə Proqramı çərçivəsində qrup tapşırıqları mərhələsindən uğurla keçən tələbələri təbrik edən rektor Ş.Bayramov nəzəri və praktiki biliklərin artırılması baxımından proqramın əhəmiyyətindən bəhs edib və yaradılan imkanlara görə təşkilatçılara minnətdarlığını bildirib.
Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində MDU-nun 10 bakalavriat və 1 magistrant tələbəsinin təlimlərdə iştirak hüququnu qazandığını vurğulayan rektor tələbələrə proqramın imkanlarından maksimum faydalanmağı tövsiyə edib. Tələbələrin təlimlərdə yüksək nəticə göstərəcəyinə əminliyini ifadə edən Ş.Bayramov onlara uğurlar arzulayıb.
Göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkür edən tələbələr etimadı doğruldacaqlarını və MDU-nu layiqincə təmsil edəcəklərini bildiriblər.
Qeyd edək ki, Dövlət Vergi Xidmətində təşkil olunacaq Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən innovativ inkişaf proqramıdır. Layihə tələbələrin şəxsi keyfiyyətlərinin artırılması və karyera yollarında istiqamətlənməsinə yardımçı olacaq. Yay Təcrübə Proqramının, iki hissədən ibarət olmaqla, iyulun 15-dən sentyabrın 2-dək keçirilməsi nəzərdə tutulur. Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsində təlimlərdə iştirak edəcəklər. Təlim kursunun yekunu üzrə qiymətləndirmədə yüksək nəticə əldə edən tələbələr Dövlət Vergi Xidmətində təcrübəyə cəlb ediləcəkdir.