Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin 8 iyun tarixində başlayan online imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. Artıq məlumat verdiyimiz kimi, MDU-da imtahanlar ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
8-13 iyun tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 156 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Sevindirici haldır ki, ilk imtahan həftəsində faktiki olaraq bütün tələbələr müvəffəq qiymət alıblar.
İmtahan Qərargahının, “Qaynar xətt”in və Appelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesinə adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” çoxsaylı güzəştlərin tətbiqi ilə müşayət olunan imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar.
Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.
MDU-nun magistratura səviyyəsinin birinci kursunda təhsil alan Elvin Muradzadə məsafədən təşkil edilən dərslər və imtahanlar barədə təəssüratlarını bölüşüb.