Mingəçevir Dövlət Universitetinin rektoru Mühəndislik fakültəsinin
fəal tələbələri ilə görüşüb
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Mühəndislik fakültəsinin fəal tələbələri ilə görüşdə hazırda Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiyini və bu prosesdə ali təhsil müəssisələrinin tələbələrinin mühüm rol oynadığını bildirib.
Rektor rəqabətqabiliyyətli mütəxəssis hazırlığı, innovativ yanaşmaya əsaslanan təhsil imkanlarının yaradılması, gənclərin intellektual səviyyəsinin artırılması və onların məntiqi təfəkkürünün inkişafı istiqamətində hazırda respublikamızda həyata keçirilən tədbirlərdən bəhs edib. Davamlı iqtisadi inkişafın təmin olunmasını və qeyri-neft sektorunun genişləndirilməsini hədəfləyən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda mühəndis kadrlara olan tələbatın artmasını qeyd edən edən Ş.Bayramov bu yöndə MDU-nun hədəfləri barədə məlumat verib.
Ş.Bayramov MDU-da “Elektroenergetika mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, “Ekologiya mühəndisliyi” və digər ixtisaslar üzrə təhsil alan tələbələrin ölkə iqtisadiyyatının hərtərəfli inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib. Tələbələri seçdikləri ixtisasa dərindən yiyələnməyə, kitabı sevməyə, xarici dilləri öyrənməyə, kommunikasiya bacarıqlarını gücləndirməyə, təşəbbüskarlığa dəvət edən rektor komanda işi və könüllülük fəaliyyətinə xüsusi diqqət yetirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə tələbələrin fikirləri dinlənilib və onların çoxsaylı sualları cavablandırılıb.
{phocagallery view=category|categoryid=214|limitstart=0|limitcount=0}