Mingəçevir Dövlət Universitetinin tələbəsi: 622 bal toplayaraq arzumu reallaşdıra bildim
Müəllimlik şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, 2019/2020-ci tədris ili üçün 500-dən yuxarı yüksək bal toplayaraq Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin sayında sürətli inkişaf dinamikası müşahidə olunur. Universitetə qəbul olan tələbələr arasında 622 bal toplayan Məmmədova Alsu Zaur qızı da vardır. Dövlət sifarişilə qəbul olan Alsu Məmmədova ilə müsahibəni təqdim edirik.
– Özünüz haqqında məlumat verməyinizi istərdik…
Mən, Alsu Məmmədova Yevlax rayonunun Bəydilli kəndində yaşayıram. Orta təhsilimin son yeddi ilini Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3№li tam orta məktəbdə almışam. 2019-cu ildə məktəbi bitirərək Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi qəbul imtahanda iştirak etmişəm. 622 bal toplayaraq dövlət sifarişilə Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuşam.
– Qəbul imtahanı necə keçdi?
Buraxılış imtahanı 14№li tam orta məktəbdə, qəbul imtahanı isə 7№li tam orta məktəbdə olub. İmtahanlar şəffaf və ciddi nəzarət altında keçirilib.
– Yüksək nəticə göstərmək üçün nələr etdiniz?
Dərslərimə ciddi yanaşmışam. Bununla yanaşı 5 fəndən repititor yanında hazırlaşmışam. Məqsədim ali məktəbə 600-dən yuxarı bal toplayaraq qəbul olmaq olub. Və budur 622 bal toplayaraq arzumu reallaşdırdım. İstədiyim ixtisasa və arzuladığım ali məktəbə qəbul oldum.
– Gələcəyə dair planlarınız?
Ali məktəbi bitirdikdən sonra, gələcək nəsilə Azərbaycan vətəndaşı kimi bilik verib, elmləndirmək istəyirəm. Magistratura və doktorantura səviyyələrində təhsilimi davam etdirməyi planlaşdırıram.
– Müvəffəqiyyətlər və uğurlarınız haqda məlumat verərdiniz.
Orta məktəbdə intelektual oyunlarda yaxından iştirak etmişəm. Bu həm dünya görüşümü artırıb, həm də əlavə bilik əldə etməkdə yardımçım olub. 600-lük baryeri adlamağa bacardım. Uğurlarıma görə valideynlərimə dəstək olduqları üçün borcluyam, orta məktəb müəllimlərimə və hazırlıq müəllimlərimə təşəkkür edirəm.
– MDU-da ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdiniz?
Məsləhət görərdim ki, bu təhsil ocağını seçməkdə heç də səhv etməzlər. Bunun üçün ciddi təhsil alıb, ali məktəb tələbəsi olmaq şansını əldən verməsinlər. Bu təhsil ocağının devizi şəffaflıq və ədalətin təmin edilməsidir. Biz gənclərə də bundan vacib nə ola bilər ki.
– Niyə məhz MDU-nu seçdiniz və bu seçimi etdikdə hansı məqsədləri qarşıya qoydunuz?
Seçimimdə yanılmamışam. Və inanıram ki, bu təhsil ocağında professor və müəllim heyyətinin bilik və bacarıqlarınından yararlanacağam. Ümumiyyətlə, əvvəlcədən də planım MDU-ya qəbul olmaq və bu ixtisasda təhsil alamaq olub. Bir də ki, aldığm məlumata görə Mingəçevir Dövlət Universiteti 30 ilə yaxındır ki, fəaliyyət göstərir, deməli artıq formalaşmış ali məktəbdir. Niyə də bu təhsil ocağında təhsil almayaq. Hesab edirəm ki, Mingəçevir Dövlət Universiteti yüksək səviyyəli kadr hazırlamaqda sözünü demiş ali təhsil ocaqlarından biridir. Sonda 2019/2020-ci tədris ili üçün tələbə adını qazanan bütün gənclərə uğurlar arzulamaq istərdim.