You are currently viewing Rektor Şahin Bayramovun “AZƏRBAYCAN” qəzetində məqaləsi dərc olunub

Rektor Şahin Bayramovun “AZƏRBAYCAN” qəzetində məqaləsi dərc olunub

“Azərbaycan” qəzeti, 05.08.2023
Qəzetin PDF versiyası

Modernləşmə hərtərəfli tərəqqiyə yol açır

Mingəçevir Dövlət Universitetinin hədəfi yeni dövrün ali təhsil müəssisəsinə çevrilməkdir

Azərbaycanda 2022-ci ilin “Şuşa ili” və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri ali təhsil müəssisələrində çox əlamətdar hadisələrlə zəngin olmuşdur. Bu çərçivədə həyata keçirilmiş çoxsaylı və rəngarəng elmi, sosial, mədəni, maarifləndirici və beynəlxalq fəaliyyətlər universitetlərin cəmiyyət həyatında aktivliyini və ictimai nüfuzunu daha da artırmışdır. Habelə, 2022/2023-cü tədris ili Azərbaycanda təhsilalanların sosial rifahının yaxşılaşdırılmasına dövlət dəstəyi baxımından da yaddaqalandır. 

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə təhsilalanların təqaüdlərinin məbləği artırılmış, “Heydər Əliyev adına təqaüd” təsis edilmişdir. Eləcə də, ölkə rəhbəri tərəfindən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi milli ali təhsilimizin beynəlxalq ali təhsil məkanındakı mövqeyinin gücləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərinin təsdiq edilməsi və icrasına başlanılması müasir dövrün tələblərinə və çağırışlarına cavab verən ali təhsilin təmin edilməsi istiqamətində universitetlər qarşısında yeni vəzifələr qoyur. Həmçinin Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” fərmanları ölkəmizdə elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədi daşıyır. Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” sənədləri də universitetlərdə strateji inkişaf və keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.
Bu baxımdan, Mingəçevir Dövlət Universitetində (MDU) bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınmaqla həyata keçirilmişdir. Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi strateji hədəf olaraq müəyyən edən MDU-da idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması davamlı prosesə çevrilmişdir. İdarəetmədə çevik, şəffaf və rəqəmsal mexanizmlərin geniş tətbiqinə xüsusi diqqət göstərilmişdir. Bu məqsədlə, universitetdə imtahan qərargahı, apellyasiya komissiyası, imtahanlara dəstək qrupu, qaynar xətt və abituriyentlərə dəstək qrupu fəaliyyət göstərmiş, imtahanlara valideyn müşahidəsi, “Açıq qapı” günləri və “Oriyentasiya” günləri təşkil edilmiş, rektorun tələbə və əməkdaşlarla müntəzəm görüşləri keçirilmiş və İctimai Nəzarət Şurasının fəaliyyəti təmin edilmişdir. Dünya və milli ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq, Universitetin strukturunun təkmilləşdirilməsi məqsədilə MDU-da Rəqəmsal inkişaf və layihələrin idarəedilməsi şöbəsi yaradılmış, keyfiyyət təminatı üzrə komissiya fəaliyyətə başlamışdır.

Universitetdə əmək bazarının mövcud tələblərinə uyğun yeni ixtisaslar açılmışdır. Ötən tədris ilində kadr hazırlığına və növbəti tədris ili üçün tələbə qəbuluna başlanılan 10 yeni bakalavriat ixtisası (Kompüter mühəndisliyi; İnformasiya təhlükəsizliyi; Elektrik və elektronika mühəndisliyi; Fizika müəllimliyi; Kimya müəllimliyi; Turizm bələdçiliyi; Kompüter elmləri; Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi; Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə); Sosial iş), 3 yeni magistratura ixtisaslaşması (Tarix fənninin tədrisi metodikası və metodologiyası; Maliyyə nəzarəti; Ətraf mühitin mühafizə metodları və bərpası) və 2 MBA proqramı (Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə); “Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı) yaradılmışdır. Bununla da universitetdə kadr hazırlığı həyata keçirilən proqramların sayı bakalavriat səviyyəsində 31-ə, magistratura səviyyəsində isə 19-a yüksəlmişdir. 

MDU əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Təhsil işçilərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının prioritetliyi, universitetin mövcud maliyyə imkanları nəzərə alınmaqla Elmi Şuranın müvafiq qərarına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən MDU əməkdaşlarının əməkhaqları orta hesabla 12 faiz artırılmışdır.

Modernləşmə istiqamətində MDU-da davamlı şəkildə görülən işlər bu ali təhsil müəssisəsinin cəlbediciliyinin artmasına da əhəmiyyətli təsir göstərmişdir. Ötən tədris ili üçün universitetin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunda, eyni zamanda yüksək balla qəbul olanların sayında artım müşahidə edilmişdir. Belə ki, əvvəlki tədris ili ilə müqayisədə 2022/2023-cü tədris ili üçün MDU-ya tələbə qəbulu 30 faiz, 500-dən yuxarı balla qəbul olanların sayı isə 27 faiz artmışdır.

Universitetdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin elmi əsaslarla  öyrənilməsi və təbliğinə prioritet əhəmiyyət verilmişdir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da müvafiq Tədbirlər Planı təsdiq edilmiş, bu çərçivədə müxtəlif formatlı elmi tədbirlər və çoxşaxəli fəaliyyətlər həyata keçirilmişdir. 2023-cü il mayın 10-da MDU-da “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilən respublika elmi konfransı ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

MDU-nun missiyasının davamlı və daha effektiv şəkildə həyata keçirilməsinin təmin edilməsində beynəlxalq əlaqələrin genişləndirilməsi, sənaye müəssisələri ilə işbirliyinin gücləndirilməsi, müvafiq dövlət qurumları, ictimai birliklər, paytaxt və region universitetləri ilə əməkdaşlığın inkişafı, eləcə də Mingəçevir şəhəri və ətraf rayonların təhsil müəssisələri ilə birgə fəaliyyətlərin şaxələndirilməsi prioritet əhəmiyyət kəsb etmişdir.

MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanmışdır. Qarşılıqlı maraq doğuran müvafiq istiqamətlərdə regionda çoxsaylı birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair “dəyirmi masa”ları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və digər tədbirləri özündə ehtiva etmişdir. 

Qardaş Türkiyənin nüfuzlu Qazi Universiteti ilə əməkdaşlığa MDU-da xüsusi önəm verilir. 2023-cü il iyunun 19-da Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir. Qardaş ölkənin yenilikçi universitetlərindən olan Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) ilə əməkdaşlıq da məhsuldarlığı ilə fərqlənmiş, MDU-da turizm və iqtisadiyyat təhsilinin inkişafına hədəflənmişdir. İyunun 20-də Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, AHBVU və MDU-nun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilmişdir. 

İstanbul Gedik Universiteti, Qırğız İqtisad Universiteti və Tümen Dövlət Universiteti ilə əməkdaşlıq haqqında imzalanan sazişlər ali məktəblər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədi daşımışdır. İstanbul Gedik Universiteti və KTO Karatay Universiteti ilə Qarabağ zəfərinin ikinci ildönümünə həsr olunan birgə tədbirlər reallaşdırılmışdır. Tərəfdaşlarımız olan Kiyev Milli İqtisad Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetində keçirilən beynəlxalq elmi konfranslarda MDU-nun akademik heyət üzvləri fəal iştirak etmişlər.
MDU-nun koordinatorluğu ilə “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin icrasına start verilmişdir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Büdcəsi 800 min avro olan və 3 il müddətində davam edəcək layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcəkdir. 

MDU İtaliyanın Foggia Universitetinin,  Xəzər Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluqları ilə yeni Erasmus+ layihələrinə tərəfdaş olaraq qoşulmuşdur. Erasmus+ mübadilə proqramı çərçivəsində MDU-nun bir tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestri üzrə təhsilini İspaniyanın Valladolid Universitetində davam etdirmişdir. 

MDU üzv olduğu Kəmər və Yol Universitetləri Alyansının Forumunda, eləcə də 2022-ci ilin sentyabrında Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda fəal təmsil olunmuşdur. Bu dövrdə MDU-nun ali təhsil sahəsində dünyanın ən böyük təsisatlarından sayılan Beynəlxalq Universitetlər Assosiasiyasına üzv qəbul olunması və bu beynəlxalq təşkilatın idarə heyətində təmsil olunması da əlamətdar hadisə kimi yadda qalmışdır. 

Beləliklə, başa vurduğumuz tədris ili MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda növbəti uğurlu mərhələ kimi dəyərləndirilə bilər.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru