Rektorun müraciəti
Rektorun müraciəti
Rektorun müraciəti
Əziz dostlar!
Ölkəmizin dördüncü ən böyük şəhərində yerləşən Mingəçevir Dövlət Universiteti (MDU) yüksək ixtisaslı mütəxəssis hazırlamaq və gəncləri hərtərəfli inkişaf etdirmək missiyasını həyata keçirən ali təhsil müəssisəsidir. Universitetimizin “müasir təhsil, doğru seçim və uğurlu karyera” sloqanı da məhz bu missiyaya əsaslanır.
Yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, ölkəmizin, o cümlədən regionun dayanıqlı inkişafına töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atan MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar nəzərə alınaraq həyata keçirilir.
Son dövrdə yeni məzmunda inkişaf yoluna qədəm qoyan MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühiti təmin edilmişdir. Tələbə gənclərin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə cəlb olunmasına mühüm önəm verilir. Eləcə də, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılmasına, onların karyera inkişafına xüsusi diqqət yetirilir.
Milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müasir əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, mövcud infrastrukturun və maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, özəl və dövlət qurumları ilə işbirliyinin səmərəliliyinin artırılması prioritet fəaliyyət istiqamətlərini təşkil edir.
Hazırda Universitetimizdə iqtisadiyyat, mühəndislik və təhsil profilləri üzrə kadr hazırlığı həyata keçirilir. 3500-dən çox tələbə və magistrantın təhsil aldığı MDU-da 220 nəfərə yaxını professor-müəllim heyəti üzvü olmaqla 300-dən artıq əməkdaş çalışır.
Əziz dostlar!
Universitetimizin təcrübəli və dinamik heyəti, cəmiyyətə dəyər qatan təcrübələri və korporativ mədəniyyətə çevrilmiş davamlı keyfiyyət axtarışı ilə, Sizinlə birlikdə addımlamağa və inkişafınıza xidmət etməyə daim hazırdır. Ona görə də Sizi, böyük məmnuniyyətlə, elmi, innovasiyanı və təşəbbüskarlığı dəstəkləyən təhsil ekosisteminin ünvanı olan MDU-ya dəvət edirik. İnanınırıq ki, hazırda həm kəmiyyətcə, həm də keyfiyyətcə böyüməkdə olan MDU ailəsi Sizin iştirakınız və töhfələrinizlə daha da güclənəcəkdir.
Universitetimizə xoş gəldiniz! Hər birinizə uğurlar arzulayıram!
Üzeyir Zeynalov,
rektor vəzifəsini müvəqqəti icra edən,
Tədris məsələləri üzrə prorektor
Rektor Şahin Bayramov