Sabiq rektorlarımız

Akif Novruz oğlu Hacıyev

1938-ci il yanvarın 14-də anadan olub. 1960-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Mingəçevir şəhərində riyaziyyat müəllimi kimi başlayıb, 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə qədər yüksəlib. 1966-1982-ci illərdə Mingəçevir Baza Politexnik Texnikumunun direktoru olub. 1991-ci ildən M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialının direktoru, 1993-cü ildən Mingəçevir Politexnik İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. 2015-ci ildə Mingəçevir Dövlət Universitetinin (MDU) ilk rektor əvəzi təyin edilib. Pedaqoji elmlər namizədi, dosent elmi dərəcəsinə malikdir. 2019-cu ildən sonra MDU-da müxtəlif vəzifələrdə – tədris işləri üzrə prorektor, məsləhətçi kimi fəaliyyət göstərib. 16.08.2024-cü ildə vəfat edib.

Şahin Vaqif oğlu Bayramov

1979-cu il iyulun 4-də anadan olub. 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2003-cü ildə magistr dərəcəsini alıb. 2011-ci ildə Dünya iqtisadiyyatı ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2005-2016-cı illərdə İqtisad Universitetində müxtəlif vəzifələrdə, o cümlədən baş müəllim, dosent, MBA proqramının meneceri və Distant və əlavə təhsil mərkəzinin şöbə müdiri vəzifələrində çalışıb. 2012-2017-ci illərdə Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor olub. ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü və “Hubert H. Humphrey” Proqramı çərçivəsində ABŞ-ın Pensilvaniya Dövlət Universitetində və Kornell Universitetində peşəkar təlimlər keçib. 2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı” üzrə təlimlərdə iştirak edib.

2017-2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 31 iyul tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib, 2024-cü ilin may ayına kimi bu vəzifəni icra edib. 2024-cü il 20 may tarixli növbəti Sərəncamla Qarabağ Universitetinin rektoru təyin edilib. Pedaqoji və idarəçilik sahəsində zəngin təcrübəyə malikdir.