You are currently viewing Şahin Bayramov: Şanlı tariximizdə Aprel qələbəsi həm də doğma yurdlarımıza Böyük Qayıdışın başlanması ilə yadda qaldı

Şahin Bayramov: Şanlı tariximizdə Aprel qələbəsi həm də doğma yurdlarımıza Böyük Qayıdışın başlanması ilə yadda qaldı

  • Post category:MDU xəbərləri

Bakı, 4 aprel, AZƏRTAC

Böyük Zəfərin müjdəçisi, şanlı Aprel döyüşlərindən altı il ötür. Erməni təxribatlarına cavab olaraq, 2016-cı ilin aprelin 2-dən 5-dək aparılan əks-hücum əməliyyatları zamanı qısa müddətdə düşmənin yüzlərlə canlı qüvvəsi, xeyli sayda silah və hərbi texnikası məhv edildi, minlərlə hektar ərazi düşmən işğalından azad olundu. Bununla da, Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü və xalqımızın həmrəyliyini dünyaya nümayiş etdirdi və qələbəyə olan inamımızı daha da artırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, uzun müddət fasilədən sonra xalqımıza böyük sevinc hissləri yaşadan parlaq Aprel qələbəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə həkk olunmaqla yanaşı, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçün böyük zəmin yaratdı. Çox keçmədi ki, Prezident İlham Əliyevin Aprel döyüşləri haqqında səsləndirdiyi fikirlər öz tarixi təsdiqini tapdı: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Aprel döyüşlərində başlanılan qələbə marafonunun Vətən müharibəsində böyük qalibiyyətlə başa çatdırılmasının qürurverici olduğunu söyləyən universitetin rektoru deyib: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində 30 illik yurd həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Bu gün Aprel qələbəsini ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycan bayrağının doğma Qarabağda dalğalandığı bir dövrdə qeyd etməkdən sonsuz sevinc hissləri duyuruq. Vətən uğrunda canlarını fəda edərək, bu möhtəşəm hissləri xalqımıza yaşadan şəhidlərimizi daim böyük ehtiramla anırıq. Allahdan bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyirəm”.

Şahin Bayramovun sözlərinə görə, şanlı tariximizdə Aprel qələbəsi həm də doğma yurdlarımıza Böyük Qayıdışın başlanması ilə yadda qaldı. Belə ki, məhz Aprel qələbəsindən sonra ən qısa zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbə salındı və beləliklə, Böyük Qayıdış prosesinə start verildi. Bu, həm xalqımızın qələbələrə ümidlərini gücləndirdi, həm də uzun müddət erməni vandalizminə məruz qalmış torpaqların əsl sahiblərinin kim olduğunu dünyaya nümayiş etdirdi.

“Tarixi Qarabağ Zəfərindən sonra isə Böyük Qayıdışın artıq işğaldan azad edilmiş bütün əzəli torpaqlarımızı əhatə etməsi hər birimizdə böyük fəxarət və sevinc hissləri yaşadır. Bu gün doğma yurdlarımızın sürətlə dirçəldilməsi əminliklə deməyə əsas verir ki, Qarabağa və Şərqi Zəngəzura qayıdış tezliklə yüksək səviyyədə tamamlanacaq, hər qarışında şəhidlərimizin ayaq və qan izləri olan bu müqəddəs torpaqlarda daim sülh, firavanlıq və tərəqqi hökm sürəcək”, – deyə Mingəçevir Dövlət Universitetinin rektoru əlavə edib.