2023-cü il iyunun 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Rusiyanın Tümen Dövlət Universitetinin (TDU) sahibkarlıq baza kafedrasının müdiri, professor, ictimai xadim, psixoloq və sahibkar Eduard Ömərov tərəfindən ustad dərsi keçirilib. Ustad dərsdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə, MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək Rusiya ali təhsil məkanında özünəməxsus mövqeyə sahib olan TDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. Bu əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə hazırda universitetin qonağı olan professor E.Ömərova təşəkkürünü bildirən rektor işbirliyi çərçivəsində ilk tədbirin məhz onun təqdimatında keçirilməsini yüksək dəyərləndirib. E.Ömərovun Rusiyada sahibkarlıq və akademik istiqamətlərdə uğurlu fəaliyyətindən və Azərbaycan-Rusiya əlaqələrinin inkişafında fəal rolundan söhbət açan Ş.Bayramov onun cəmiyyətdə ictimai xadim kimi də tanındığını qeyd edib. Rektor çoxşaxəli və məhsuldar fəaliyyət təcrübəsinə malik olan qonağın ustad dərsinin bütün iştirakçılar üçün faydalı və maraqlı olacağına inandığını söyləyib.
TDU rəhbərliyinin salamlarını çatdıran professor E.Ömərov səmimi qarşılanmaya, xoş sözlərə, ikitərəfli əməkdaşlığa verilən yüksək dəyərə və dəstəyə görə minnətdarlığını bildirib. MDU-nu izlədiyini, burada təhsilin və gənclərin inkişafına böyük önəm verilməsinin təqdirəlayiq hal olduğunu qeyd edən professor Azərbaycanın dördüncü ən böyük sənaye şəhərində yerləşən universitetin kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib. Hazırda yeni dövrün universitetinə çevrilmək yolunda inamla irəliləyən MDU ilə əməkdaşlığın davamlı və qarşılıqlı faydalı olacağına əminliyini bildirən E.Ömərov hər iki universitetin potensialının güclənməsində akademik mobilliliyin rolunu yüksək dəyərləndirib və bu kontekstdə qarşılıqlı olaraq həyata keçiriləcək birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.
Sonra professor E.Ömərov “Sahibkarlıq təhsili və uğura gedən yol” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda sahibkarlıq təhsilinin önəmi və iqtisadi inkişafa təsiri, bu sahədə tədqiqat istiqamətlərinin müasir trendlərə uyğunlaşdırılması, universitet-biznes əlaqələrinin inkişaf etdiriməsi, sahibkaryönümlü karyera strategiyasının qurulması və hədəflərin düzgün müəyyən edilməsi, sahibkarlıq düşüncəsi və idarəetmənin əsas prinsipləri barədə ətraflı məlumat verilib
Sonda E.Ömərov professor-müəllim və tələbə heyəti üzvlərinin suallarını cavablandırıb.