2024-cü il aprelin 16-da Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə təhsil tələbə krediti ilə bağlı məlumatlandırıcı görüş keçirilib.
Universitetin akt zalında keçirilən görüşdə MDU-nun tələbə və magistrantları iştirak edib.
Tədbiri giriş sözü ilə açan MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov təhsilin əlçatanlığı və tələbələr arasında rəqabət mühitinin formalaşdırılması baxımında təhsil tələbə kreditinin önəmindən danşıb, onun üstünlükləri barədə məlumat verib.
Sonra, Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndəsi Məhəmmədəli Abdin təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsi və qaytarılması prosedurlarına dair tələblər, təhsil müddətində qazanılan yüksək göstəricilərə uyğun əldə edilən güzəştlərlə bağlı məlumatların yer aldığı təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ölkənin ali təhsil sistemində yaradılan imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.