You are currently viewing MDU-nun müəllimi: Gənc nəslin ekoloji tərbiyəsində məktəbin rolu

MDU-nun müəllimi: Gənc nəslin ekoloji tərbiyəsində məktəbin rolu

Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir.

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da təcrid olunmuş təsəvvür etmək mümkün deyildir. Ulu Zərdüşt hələ çox-çox əvvəllər insan həyatı üçün ən zəruri olan dörd ünsürün (od, torpaq, hava, su) adını çəkmişdir. Doğrudan da bu dörd ünsürdən biri olmazsa, həyat dayanar. Təbiət özü canlı bir tablodur. Onun qorunması ilə bağlı problemlərin həllini insanın təbiətə olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq. Akademik Həsən Əliyevin təbirincə desək, “İnsan özü-özünün keşikçisi olmalıdır. Əks təqdirdə heç bir başqa canlı onun harayına çatmayacaq. Ona görə də təşvişsiz, haraysız həyəcan təbili çalmaq lazımdır və bu təbili heç yerdən asmaq lazım deyil. O, müasir insanın ürəyidir.”

Son əsrlərin ən qlobal ekoloji problemləri Azərbaycandan da yan keçməmişdir. Bunun nəticəsidir ki, respublikamızda bu problemlərə diqqət xeyli artmış, bu mövzuya həsr olunmuş onlarla qanun, qərarlar qəbul edilmiş, yüzlərlə konfrans, seminar və toplantı keçirilmişdir. Bu gün bu problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər hamının bu işə cəlb olunmasını tələb edir.

Bildiyimiz kimi “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu var. Dövlət də təbiətdən istifadə məsələsinə nəzarəti gücləndirməyi, əhalinin ekoloji tərbiyəsini diqqət mərkəzində saxlamağı zəruri sayır. Hələ 2010-cu ildə bu məqsədlə “Ekologiya ili” elan olunmuşdur. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.

Bir çox alimlər ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan fəlakətə səbəb ola bilər və bu baxımdan ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır. Uşaqlara kiçik yaşlarından ağacları sevməyi, ağacların insanın yaşayışı üçün nə qədər əhəmiyyətli olduğunu, məktəb və sinif otaqlarının təmizliyinin nə qədər vacib olduğu haqda söhbətlər aparmaqla onlara başa salmaq lazımdır ki, əgər yer üzərindəki hər uşaq beş-altı çiçək, bir-iki kəpənək məhv etsə, onların nəsli kəsilə bilər. Ona görə də hər bir məktəbli ekoloq olmalıdır. “Evdə heç nəyi sındırmaq olmadığı kimi təbiətdə də heç nəyi sındırmaq olmaz fikrini” kiçik yaşlarından məktəbliyə öyrətmək lazımdır. Yalnız bu yolla yaşadığımız mühiti sağlamlaşdıra, həyat üçün təhlükəsiz edə bilərik.

Ekoloji tərbiyədə bədii söz sənətinin rolu əvəzsizdir.

Məsələn: 7-ci sinif Azərbaycan dili dərsliyində verilən mətnlərə diqqət yetirək:  Şair Ənvər Rzanın “Fəryad” şeirində insanlar tərəfindən məhv edilən meşədən danışılır:

Quşların səsini istədi ürək,
Cüyür mələşməsi düşdü könlümə.
Bir ana, bir bacı məhəbbətitək
Bir meşə həsrəti köçdü könlümə.

Heyrətmi nitqimi bağladı belə?
Bəs niyə ağaclar kölgə salmayıb?
Ay aman! Cüyürü demirəm hələ,
Meşənin özündən əsər qalmayıb!

Həmin dərsliyin digər mətnində isə Şimali Qafqazın dağ ətəklərində yerləşən   Maşuk meşələrinə insan qayğısından söhbət açır:

Ağaclar dırmaşıb dəcəl uşaqtək
Dağın zirvəsinə yamacla, yolla.
Tamaşa etməyə bir cüt göz gərək
Meşə bəhsə girib göylə, maşallah!

Burdakı quşlara heç kim deməz “kiş!”
Bu gün yaman qar var, yaman boran var.
Evdə balasını yedizdirməmiş
Meşədə quşlara dən aparan var.

Bu mətnlərin köməyi ilə məktəblərdə şagirdlərə təbiətə, təbii sərvətlərin qorunmasına məhəbbət hissi aşılanır.

Onlar öyrənirlər ki, meşə sərvətimiz, var-dövlətimiz, məişətimizin bir hissəsidir. Meşə olan yerdə məhsulu yığmaqla qurtarmaz, xəstəlik olmaz. Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur. Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Ağac və kol bitkiləri havanı tullantı qazlardan təmizləyir, həm də səs və küy udma xüsusiyyətlərinə malik olmaqla  ziyanlı səsləri tənzimləyir.

Eyni dərsliyin “Təbiət “mühəndis” ləri ” adlı mətnində göstərilir ki, boyları cəmi 2-3 sm olan termit adlı həşəratlar hündürlüyü 7 m olan  möhtəşəm bir yuva tikirlər. Çox mürəkkəb quruluşa malik yuvaların hərarəti və rütubəti eyni dərəcədə saxlayan ventilyasiya sistemi, labirintləri, su kanalları belə var. Ən təəccüblüsü odur ki, bu möhtəşəm yuvaları inşa edən termitlər tamamilə kordur. Onlar nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər. Bəzən canlıların ən kamili olan insana bəxş olunan ağıl belə, kiçik həşəratlara verilən instinkti izah edə bilmir. Bu mətn vasitəsi ilə şagirdlər elmin inkişafı üçün təbiət hadisələrinin dərindən öyrənilməsinin vacibliyini dərk edirlər, bitki və heyvanat aləminin əhəmiyyətini hiss edirlər.

Dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qeyd olunan 21 mart – Ümumdünya meşə günü yaşıllıqların sayının artırılmasının mühümlüyü ilə bağlıdır. Azərbaycanda 10  Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir. 1925-ci ildə yaradılmış ilk qoruq Göygöl Dövlət Təbiət Qoruğudur. Məktəbliləri bu yerlərə ekskursiyaya aparmaq həmişə faydalı olur.

Həmçinin ekoloji bilik yarışması olan “EKOERUDİT” adlı breyn-rinq keçirilməsi, bəzi məktəblərində “Təbiəti sevənlər” adlı dərnəklərin  fəaliyyyət göstərməsi təqdirəlayiqdir.

Məktəblilər Yer kürəsini mümkün bəlalardan qorumağa çalışan  məşhur insanları da tanımalı, onlardan nümunə götürməyi bacarmalıdır. Bunlardan biri Elon Maskdır. O, gələcəyimiz üçün həlledici hesab etdiyi sahələrdə, xüsusən də İnternet, bərpa olunan enerji mənbələrinə keçid sahəsində işləyir.

Onun qlobal iqlim dəyişikliyinə qarşı qurduğu “SolariCity” adlı şirkətin istehsal etdiyi kirəmitlər günəş şüalarını elektrik enerjisinə çevirir. Yaradıcısı olduğu  “Tesla” şirkətində istehsal olunan avtomobillər təbiət dostu olub, yeni və üstün texnologiyalara malikdir. “Tesla” üçün alınmış bütün patentlər xalqa açıqdır. Rəqibləri də daxil olmaqla hər kəs bu patentlərdən istifadə edə bilər. Digər layihələrini də bütün bəşəriyyətlə paylaşmağı sevən Mask bunun səbəbini soruşanlara belə izah edir: “Dəliklərlə dolu gəmidəyik, bu gəmiyə su yığılır. Biz həmin suyu boşalda biləcək dolça yaratdıq.  Siz olsa idiniz,  dolçanın dizaynını paylaşmazdınızmı?

Maskın ofisinin divarlarında iki şəkil var: birində Mars planeti indi göründüyü şəkildədir, ikincisində isə yaşıllıqlarla, dənizlərlə əhatələnmişdir. “Bəşəriyyətin sağlam gələcəyə sahib olduğunu düşünərək ölmək istəyirəm”- deyən Maskın məqsədi yaşıl dünyanın yaradılmasıdır.

Məşhur Amerika ekoloqu A.Leordun sözlərini xatırlatmaq istəyirəm. O, Yer kürəsini əvvəli və sonu olmayan bir çaya bənzədərək göstərmişdir ki, insanlar bu axına çox ehtiyatla yanaşmalıdırlar. Ekoloq bu problemləri öyrənərək özünün son proqnozunu bu cür vermişdir: – İnsanlar, unutmayın və agah olun, yaşadığınız ”Round river” hazırda təhlükə qarşısındadır, bu təhlükənin sonuncu qurbanı isə bütün canlı aləm, o cümlədən sizlər olacaqsınız! Gec də olsa, təbiətə, onun sərvətlərinə münasibətinizi dəyişin! Əks təqdirdə, bəşəriyyət böyük fəlakətlər və onların ağır təzadları ilə üzləşə bilər.

Məktəblilərdə təbiətə həssas münasibət yaratmaq üçün fərdi ekoloji guşələr və stendlər yaradılması da yaxşı nəticə verir. Bununla bağlı şəhərimizdəki bir sıra orta məktəblərdə olduq. 1nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi Sünbül Abdullayevanın sinif otağı divar rəsmləri ilə gözoxşayır. Müəllimə həmçinin  məktəbin dəhlizinə bir-birindən gözəl gül dibçəkləri düzüb. Belə gözoxşayan mənzərə 13 nömrəli məktəbdə də var. 3 nömrəli məktəbdə Sevinc müəllimə ekologiya ilə bağlı bir sıra layihələrdə şagirdləri ilə birgə iştirak edir. Müəllimə dibçəkdəki torpağa müəyyən meyvə qabıqları, təbii qidalar basdırır. Digərinə isə plastmas əşyalar. Müəyyən müddət keçdikdən sonra şagirdlərə təbii qidaların torpaqda gübrəyə çevrildiyini, plastmas əşyaların isə olduğu kimi qaldığını göstərməklə təbiətə tullantıların hansı ziyanı vurduğunu əyani şəkildə göstərir və şagirdlərini maarifləndirir.

Yaxın əsabələrindən  biri peyğəmbərimizdən  soruşur ki, nə edək ki, savab yükümüz bir az da ağır gəlsin? Peyğəmbər Əleyhissalam cavab verir ki, ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin, ən böyük savab ondadır. Respublikamızda “Hərəyə bir ağac əkək” devizi altında bu savab işi yerinə yetirənlər çoxdur.  

1882-ci ildən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq isə bu bayram “Yer günü” adlandırılmışdır. Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur.

Şagirdlərin ekoloji günlərin yaranma tarixini bilmələrində fayda var.  Belə önəmli günlərin  qeyd olunmasında  məqsəd ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə cəlb etməkdir. Belə günlərdən biri də aprel ayının 22-də keçirilən Ətraf Mühitin Mühafizəsi və Beynəlxalq Yer Günüdür.

Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C.Morton Nebraska ştatının ilin bir gününün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir.

26 yanvar – Beynəlxalq Təmiz Enerji və Ekoloji Təhsil Günüdür. Bu gün, əsasən, ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə cəlb etmək üçün qeyd edilir.

Çıxışımı Rza Baqinin ekologiya himninə yazıdığı misralarla bitirmək istəyirəm:

Yaşıl-yaşıl meşələrə sal nəzər.
Dağ başında duman gəzər, çən gəzər,
Qoy ləpəsiz dalğalansın göy Xəzər,
Əsrarəngiz bir cənnəti qoruyaq!
Ey insanlar, təbiəti qoruyaq!
Təbiətə məhəbbəti qoruyaq.

Könül Aydın

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, “əməkdar müəllim”