You are currently viewing MDU baş müəllimi: Zərifə Əliyeva ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsidir

MDU baş müəllimi: Zərifə Əliyeva ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsidir

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın özünəməxsus nümunəvi yolu vardı. Onun zəngin və çoxşaxəli həyat yoluna nəzər saldıqda bu həyat yolunda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqətdən yayınmır: ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarları və zəkası ilə qaranlıq dünyalara şəfa verdi. Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə əməli fəaliyyəti cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi.

Zərifə xanım öz dövrünün novator alimi olub, həm peşəkar, həm də elmi fəaliyyətlə məşğul idi. Oftalmologiyanın elə bir sahəsi yoxdur ki, Zərifə xanımın tədqiqatları olmasın. O, tapdanmış yollarla getməyi xoşlamırdı, çalışdığı sahədə yeni cığırlar açırdı. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda, ona qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyeva bu istiqamətdə çox sayda tədqiqatlar apardı və 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə etdi. Apardığı tədqiqatlar da bu dissertasiyanın əsasını təşkil edirdi. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.

Zərifə Əliyeva 1968-ci ildən başlayaraq məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Eyni zamanda, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində iş apararkən, çox vaxt, bilavasitə sənaye müəssisələrində olaraq, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilir.

Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edir. Görkəmli elm adamı “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilir. Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən, “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”, “Xroniki yod intoksikasiyasında oftalmologiya”  monoqrafiyalarının müəllifidir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor o, oftalmologiya aləmində ən yüksək mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülür. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Zərifə xanımın, sözün əsl mənasında, böyük həkim olduğunu bildirmişdi: “O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir…”

Zərifə Əliyeva Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaldan alim idi. Onun təşəbbüsü ilə 1977-ci ildə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Bu mötəbər tədbirdə dünya şöhrətli alimlər iştirak etmişdi və tədbir Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlanması üçün böyük imkanlar yaratdı.

Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri çoxsaylı elmi əsərlərində öz əksini tapmışdır. Zərifə Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi onun böyük xidmətlərinin, çoxillik səmərəli elmi tədqiqat işinin etirafıdır.

Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: “Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!”

SSRİ səhiyyə naziri S.P.Burenkovsa onun haqqında “Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. O özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi. Z.Ə.Əliyeva özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssiz, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərmişdir. O, ölkədə ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparmışdır” fikirlərini irəli sürmüşdür.

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutunun Göz Xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A. P. Nesterov Zərifə xanım haqqında “Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu” fikirlərini irəli sürmüşdür.

Ukrayna Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri, Tibb Elmləri Akademiyasının həqiqi üzvü N. A. Puçkovskaya belə demişdi: “Zərifə Əziz qızı ən qiymətli insani keyfiyyətlərə malik idi. Onlardan ən əsası insanlara xeyirxahlıqla bağlıdır”.

Z.Əliyeva peşəkar həkim, xeyirxah insan idi. Onun gördüyü bütün işlərdə insan amili dayanırdı. İnsanlara şəfa vermək istəyi daynırdı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır”.

Zərifə xanım öz sənətinə, peşəsinə olan vurğunluğunu tələbələrinə aşılamağı bacaran alim idi. O, hər zaman tələbələrinə xəstələrə yaxın olmağı məsləhət görərdi. Həmişə deyirdi ki, xəstə ilə həkim arasındakı münasibət çox isti olmalıdır. Xəstə qətiyyən həkimin ondan uzaq olduğunu hiss etməməlidir, onların arasındakı məsafəni mümkün qədər yaxınlaşdırmaq lazımdır. Xəstə üz tutduğu həkimə öz doğması, ən yaxın adamı kimi baxmalı və ondan heç nəyi gizlətməməlidir. Zərifə xanım gənc həmkarlarına həmişə özünü xəstənin yerinə qoymağı və ona pənah gətirən, ümid yeri kimi baxan xəstənin ağrı və narahatlıqlarını hiss etməyi dönə-dönə tövsiyə edirdi. Zərifə xanım xəstələrini öz ağlı, zəkası ilə müalicə edir, xarakteri ilə onlara dayaq olur və qayğıkeşliyi ilə dəstək göstərirdi. Onun müalicə taktikası, xəstəyə yanaşma dəst-xəti tamamilə fərqli idi. Təbabətdə dientologiya elmi var və bu, xəstə-həkim münasibətini əhatə edir. Ümumiyyətlə, Zərifə xanımın bir həkim kimi müalicə taktikasını həmin elmin ən gözəl örnəklərindən biri hesab etmək olar.

Zərifə xanım Əliyeva işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Zərifə Əliyevanın çox mülayim, eyni zamanda, da çox tələbkar və ciddi xarakter sahibi idi. O, öz sadəliyi, səmimi və mehribanlığı ilə unikal bir şəxsiyyət idi, ziyalılıq, sadəlik və xeyirxahlıq nümunəsi idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi: alim kimi alim, həkim kimi həkim, ana kimi ana, həyat yoldaşı kimi həyat yoldaşı… Üzvü olduğu kollektivdə də hamının məhəbbətini qazanmışdı. Kimin nə çətinliyi, qayğısı, problemi var idisə, ona üz tuturdu. Zərifə xanımın bir üstünlüyü də ona üz tutanlardan heç birisinin ümidini qırmaması idi, çünki özü son dərəcə kövrək bir qəlb sahibi idi. Nə qədər məşğul olsa, qayğıları nə qədər çox olsa da, həmkarlarına, iş yoldaşlarına və tələbələrinə vaxt ayırır, lazım gəldiyi vaxtda onların yanında olurdu. Zərifə xanım çox alicənab və geniş ürəkli idi. Bəzən elələri olurdu ki, ona salam verməyə, yaxınlaşmağa utanırdı, belələrinə qarşı həmişə birinci addımı özü atırdı. Başqasının uğuruna sevinən, onu özününkü kimi qəbul edən çox ülvi bir xanım idi.

Zərifə xanımın ömür-gün yoldaşı dünya şöhrətli şəxsiyyət ümummilli lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: “Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir”.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm… Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir ana idi. İşinin çox olmasına baxmayaraq, onun gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. Və təbii ki, müasir Azərbaycanın qurucu lideri, millətimizin qəhrəmanlıq, qalibiyyət tarixini özünə qaytarmaqla tarix yazan dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında Zərifə Xanım Əliyevanın müstəsna rolunu qeyd etməmək olmaz. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim yaşayır və yaşayacaqdır.

Prezident İlham Əliyev demişdir: “Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq… Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi.”

Bəli, Zərifə xanım Əliyevanın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. İnanıram ki, bugünkü xanımlarımız da Zərifə xanımın davranışlarını, həyat tərzini, insanlarla rəftarını, övladlarına göstərdiyi qayğını, həkim kimi xəstələrə münasibətini öyrənərək tədbiq edir və Onu insanlığın parlaq siması kimi qiymətləndirirlər.

Günel Yunusova

MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru