2024-cü ilin aprelin 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı və Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin (DİRİTM) dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində intellektual yarış keçirilib. Universitetin akt zalında keçirilən yarışda bir qrup əməkdaş, tələbə və magistrantlar iştirak edib.
Yarışın açılışında MDU DİRİTM-in müdiri Asim Məmmədov çıxış edərək iştirakçıları salamlayıb və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-nun Tədbirlər planına uyğun olaraq universitetdə bir sıra tədbirlərin təşkil olunduğunu bildirib. A.Məmmədov COP29-a edəcəyimiz ev sahibliyindən, ölkəmizə olan böyük etimadın təzahüründən danışıb və sonda iştirak edən komandalara uğurlar arzulayıb.
MDU tələbələrindən ibarət 6 komandanın iştirak etdiyi yarış 3 mərhələdə keçirilib. Birincilik uğrunda mübarizə aparan komandalara verilən suallar “Yaşıl dünya naminə həmrəylik ili”, müxtəlif elm sahələri və ümumi dünya görüşünə aid olub.
Nəticələrə əsasən komandalardan “Qarabağ” birinci, “Zəfər” ikinci, “Xarı bülbül” komandası isə üçüncü yerin sahibi olub. Sonda qalib komandaların üzvlərinə müvafiq hədiyyələr təqdim edilib.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən intellektual yarış da məhz bu məqsədlə təşkil olunub.