You are currently viewing MDU-nun müəllimi: Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırım

MDU-nun müəllimi: Azərbaycan xalqının tarixi yaddaşından silinməyən soyqırım

XX əsrdə xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biri olan 31 mart soyqırımının 106 ili tamam olur. Son iki yüz ildə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər xarici havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımıza qarşı bəşəri cinayət olan soyqırım siyasətini həyata keçirmişlər.

Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “Böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur.

XX əsrin əvvəllərində erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Soyqırımın kökləri, hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm həm demoqrafik vəziyyəti dəyişdirdi, həm də onları Şərq siyasətində bir alətə çevirdi. Həmin siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. Bakı Sovetinin istifadə etdiyi erməni-daşnak qüvvələri isə tarixdə olmayan “Böyük Ermənistan” qurmaq yolunda onlara mane ola biləcək azərbaycanlıları məhv etməyə çalışırdılar. Beləliklə, İngiltərənin Bakıdakı təmsilçisi Makdonelin sözləri ilə ifadə edilərsə, “Bakı qazanı poqquldamağa başladı”. Bu şəraitdə qırğınlar üçün kiçik bir bəhanə lazım idi. O da tapıldı. Belə bir bəhanə general M.Talışinski başda olmaqla müsəlman (Azərbaycan) diviziyasının “Evelina” gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Soveti tərəfindən tərksilah edilməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər Hərbi Dəniz Donanmasının matroslarını azərbaycanlılara qarşı soyqırıma təhrik etdi.

Soyqırımın həyata keçirilmə üsulları Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, erməni ziyalıları, o cümlədən erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyun partiyasının 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyun partiyasının iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi. Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Mülki azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün türk, müsəlman olmaq kifayət edirdi.

 Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər deyildi. Buna görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 3-də dayandırıldı.

 Soyqırım Bakıdan başqa Şamaxı, Quba, Kürdəmir və Salyan Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırım hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndlərinin ümumən 40-a yaxın kəndi dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb. Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.

2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında Heydər Əliyev Fondu tərəfindən “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə  yalnız  Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

Tarixçilərimiz Mart soyqırımını araşdıran zaman çoxlu sayda S.Şaumyanın mərkəzə yazdığı məktubları əldə etmişlər. Burdan da məlumdur ki, üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmış və bütün kütləvi qırğın mexanizmi dəqiqləşdirilmişdi.

Mart-aprel qırğınında S.Şaumyanınn əsas siyasi hədəfi nə idi? Bakıda törədilən bu soyqırıma “vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 apreldə Moskvaya göndərdiyi məktubda yazırdı: “Üç gün içində, yəni 30-31 Mart və 1 Apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və erməni milli ordusu Müsavat partiyasının liderliyindəki müsəlman “Dikaya diviziya”sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılar. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə yox edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3.000-dən çoxdur. Əgər müsəlman türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə qətliama məruz qalacaqdılar”. Çox aydın görünür ki, S.Şaumyan Leninin imperativ hədəflərindən çox bacarıqla istifadə edib. Sovet Rusiyasının strateji hədəfi yanacaq və enerji mənbəyi olan Bakını nəyin bahasına olursa-olsun əldə etmək idi. Təsadüfi deyil ki, XKS sədri V.İ.Lenin yazırdı ki, bizə Bakı və Xəzərətrafı rayonlar lazımdır. Bu o demək idi ki, Bakı neft mədənlərinə görə və strateji əhəmiyyətli Hind okeanına ən qısa yol kimi Rusiya üçün həyati əhəmiyyətə malik idi. Azərbaycanın, müsəlmanların taleyi onu maraqlandırmırdı və Azərbaycanın digər bölgələrini Ermənistana bəxş edirdi. Beləliklə, S.Şaumyan “böyük Ermənistan”ı yavaş-yavaş yaradır, Leninə Şərqə əməliyyat meydanı bəxş edirdi. Bakkommunanın süqutundan sonra xalqımızın görkəmli oğlu Nəriman Nərimanovun mühüm arqumentləri nəticəsində Lenin bu ideyanı reallaşdırmaqdan əl çəkdi. Lenin o zaman dünyanın ən böyük imperialistlərindən biri idi. “Bütün ölkələrin proletarları birləşin!” şüarı, Avropa Birləşmiş Ştatları, Dünya Birləşmiş Ştatları kimi devizləri, dünyada rus və ingilis dilinin əsas dil olması kimi ideyaları buna dəlalət edir. S.Şaumyan da bu ideyaların əsasında “böyük Ermənistan”ın yaradılmasını reallaşdırmaq istəyirdi. Ona mane olan isə Azərbaycan, Gürcüstan və Türkiyədə demoqrafik azlıqlar idi. Kütləvi etnik təmizləməni də ona görə aparırdı ki, millət yoxdursa, erməni monoetnikliyi yaranırsa problem birdəfəlik aradan qalxır.

XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası, daha sonra sovet ittifaq mərkəzi tərəfindən Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirmişlər. Onların “böyük Ermənistan” yaratmaq kimi mifik ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır. Tarixi proseslər təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırım aktları bir hədəfə istiqamətlənib və bir siyasi hədəfləri olub. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq, möhkəmlənmək və aborigen xalq olduqlarını təsdiqləmək məqsədindədirlər. Bu niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Onlar böyük dövlətlərin siyasi hədəflərindən sui-istifadə edərək bu vəhşi əməlləri ilə Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.

Bəs Soyqırımı törədənlər istəklərinə nail ola bildilərmi? Martda Bakıda törədilən soyqırımda çoxlu itkilər verilsə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsuli-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu. Soyqırımla bağlı araşdırmalar Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə istintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 31 mart tarixi iki dəfə -1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırıma və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılırdı. Yalnız ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Bu Sərəncamdan sonra hadisəyə düzgün tarixi qiymət verildi.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir: “Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir”. Hadisələr göstərdi ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa, öz xeyirlərinə yazmağa əl atıblar. Qeyd etmək istərdim ki, ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib.

Siyasi dairələrdə bu qırğını Azərbaycan xalqına qarşı “qətliam”, “soyqırımı”, genosid” adlandıranlar da var idi, “Əksinqilabi qiyam”, “sinfi mübarizə”, “vətəndaş müharibəsi” məfhumları ilə qeyri-obyektiv və yanlış dəyərləndirənlər də.

Bəs azərbaycanlıların 1918-ci il mart soyqırımı bədii ədəbiyyatda öz əksini necə tapıb?  Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi boya, ideoloji rəng götürməsə də, faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq, azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar” dövründə görünməz olmuşdur. Sovet senzura aparatının bütün cəhdlərinə baxmayaraq, azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğın epidemiyası 1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Ordubadi isə “Qanlı sənədlər” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırırıq ki, əldə etdiyimiz, haqqında məlumat topladığımız bədii əsərlərin hamısı “Mart Hadiseyi-ələmiyyəsi”ndən sonra isti-isti yazılmış, müəllifləri soyqırım aksiyasının şahidləri olmuşdur.

Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı: “Mart hadisələri zamanında İsmailliyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim… Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim” (“İstiqlal” qəzeti, 1335, 4 şübat). Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında saxladığı və yandırmaq istədiyi 4000 nəfər azərbaycanlının içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur. Özünümüdafiə dəstələrinin ermənilərin bəd niyyətlərindən xəbər tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya həyata keçirilməmişdir.”

Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşlar. Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarların, aydınların, söz adamlarının mart faciəsinin şahidləri olduqları, müxtəlif səpkili əsərlər yazdıqları oxuculara məlumdur.

1918-ci ilin mart soyqırımı, gənc olmasına baxmayaraq, Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunan mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün “Dur, ey xar olan millət” sərlövhəli bir mərsiyə də yazmışdır. Mətni bu günədək əldə edilməsə də, afişa və qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının “Bakı müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri mart faciəsindən, Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs edir.

Mirzə Bala Məhəmmədzadə “Açıq söz”, “Gənclər yurdu”, “Bəsirət”, “İstiqlal”, “Azərbaycan” və b. jurnal və qəzetlərdə elmi, publisistik, ədəbi-bədii əsərlərlə mütəmadi çıxış etmişdir. Onun redaktorluğu ilə ilk sayı 23 iyul 1918-ci ildə Tiflisdə işıq üzü görən “Gənclər yurdu” jurnalında çap etdirdiyi “Əksinqilabçılar” hekayəsi mart qətliamından bəhs etməklə yanaşı, çox maraqlı və ibrətamizdir.

Son 20 ildə Azərbaycan nəsrində yazıçı Sabir Əhmədlinin “Ömür urası”, yazıçı Aqil Abbasın “Qaçqın çadırlarında Üzeyir Hacıbəyovlar doğula bilməz” povesti və “Dolu “ romanı, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, “Xəcalət” romanları, Elçin Hüseynbəylinin “Gözümə gün düşür” hekayəsi və “Əsirlər” povesti, Təranə Vahidin hekayələri, yazıçı Nüşabə Məmmədlinin “Zəngulə” povesti, Fazil Güneyin “Qara qan” romanı, Salatın Əhmədovanın “Kişilik səngəri” əsəri və digər nəsr nümunələri var ki, onlar, erməni faşizmini, onların törətdikləri vəhşilikləri ifadə edirlər. 

Fikrimcə azərbaycanlılara qarşı soyqırım törədən, hamilə qadınlarımızı, uşaqlarımızı xəncərlə doğrayan, yandıran “erməni vəhşiləri”nin adları və soyadları açıq olmaq şərtilə, obrazları böyük sənətkarlıqla bədii nəsrdə öz əksini tapmalıdır. Onların obrazları bədii əsərlər vasitəsilə tarixə həkk olunmalıdır ki, xalqımız öz düşmənlərini tanısın və onları unutmasın.

Bəs görəsən qan yaddaşımız olan bu soyqırımın təhsil ocaqlarında tədrisi və təbliği hansı formadadır?

Bu mövzunun həm nəzəri, həm də praktik baxımdan tədrisi çox əhəmiyyət kəsb edir. Bəli bu gün dərsliklərdə bu məsələ daha geniş şəkildə qeyd olunur və mövzu ilə bağlı daha çox məlumatlara yer ayrılıb. Amma düşünürəm ki, tələbələrə və şagirdlərə verilən məlumat təkcə sinif daxilində olmamalıdır. Tələbələr və məktəblilər üçün tez-tez  konfranslar, bədii gecələr təşkil olunmalıdır. Qubadakı soyqırım məzarlığını ziyarət edilməsi də çox vacibdir. Onlar muzeylərə və digər tarixi faktların olduğu yerlərə  aparılmalıdır. Hesab edirəm ki, soyqırım ilə bağlı açıq dərslərin təşkil olunması da tədris baxımından faydalıdır.

31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın – internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Mart soyqırımı haqqında ədəbiyyatın mütaliəsini təmin etmək üçün təhsil ocaqlarının kitabxanalarında da bu barədə oxucuların məlumatlandırılması, dünyaya müxtəlif dillərdə mesaj çatdıran və soyqırım həqiqətlərini ən gözəl şəkildə ifadə edən şagirdlər və tələbələr tərəfindən hazırlanan video çarxların, sosial reklamların hazırlanması və onların sosial şəbəkələrdə yerləşdirilməsi, məlumat bazasının hazırlanması da məqsədəuyğundur.

Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq  öyrənməli və qonşularımızın  kimlər  olduğunu heç vaxt yaddan çıxarmamaqdır. Tarixi sənədlər bu gün erməni xəyanətini, onların  insanlığa, bəşəri dəyərlərə  qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır.

Fikrimizcə, ildə bir dəfə 31 mart soyqırımı ildönümünü keçirmək azdır, hər bir tədbirdə bu barədə danışılmalıdır. Xaricdə yaşayan azərbaycanlı soydaşlarımız tərəfindən yerli əhali arasında daima geniş təbliğat və təşviqat işləri aparılmalı, ən vacibi isə aşağı yaşlardan Azərbaycan həqiqətləri və soyqırımı daha geniş şəkildə çatdırılmalıdır. Təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya edilmişdir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların tanınması da gec-tez tarixi ədalətsizliyə verilən hüquqi-siyasi qiymət kimi dünya dövlətləri tərəfindən qəbul ediləcəkdir. Ermənilər “soyqırıma məruz qalan xalq” kimi deyil, məhz soyqırım törədən xalq imicini qazanacağı tarix çox da uzaqda deyil. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Bəli bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.

 “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı keçirdikləri soyqrımlar Azərbaycan xalqının sonrakı mübarizəsində çox böyük rol oynadı, insanları birləşdirdi, insanların qətiyyətini artırdı, onların düşmənə qarşı mübarizəsini daha da genişləndirdi və o çətinliklərin, o faciənin müqabilində xalqımızın hansı şanlı yolu seçdiyini, həmin mübarizələrdən necə qalib çıxdığını görürük, bundan bir qürur hissi keçiririk. Ulu Öndərimiz hələ o dövrlərdə bildirirdi ki, tökülən qan yerdə qalmayacaq, Azərbaycanın, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz, Azərbaycan xalqı bu mübarizədə öz sözünü deyəcək, istəyinə nail olacaqdır. Əlbəttə ki, II Qarabağ müharibəsi həmin fikirlərin, həmin müdrik kəlamların həqiqətə qovuşduğunun bir reallıq olduğunu göstərir. 

Soyqırıma məruz qalanların,  Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında artıqlamasilə alındı. İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi.

Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm Zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini göstərdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı.

Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə necə olur. Hər bir Vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” öhdəliyi icra edilmədi. Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı.

Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən 2023-cü ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.

Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Nəhayət, 2023-cü ilin sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.

Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. 2023-cü ilin sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Uzun müddət idi ki, Qarabağ təkcə ölkəmizin deyil, bütün Türk dünyasının qanayan, sızlayan yarası idi. İnanırıq ki, məhz müdrik və uzaqgörən Lider İlham Əliyevin öndərliyi ilə bu cür taleyüklü məsəlinin həllindən sonra Böyük Türk dünyasının ayrılıq rəmzinə çevrilmiş Zəngəzur dəhlizinin açılması ilə gələcəkdə Böyük Turan elinin yaranması da reallaşacaqdır.

Bütün bunların əməli nəticəsidir ki, bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir.

Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş doğma torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.

Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq. Prezident İlham Əliyevin sərəncamı ilə hər il sentyabr ayının 27-sinin Anım Günü kimi müəyyən edilməsi də şəhidlərimizin ruhuna olan ehtiramın nümunəsidir. Prezident İlham Əliyevin sərəncamında deyilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”.

Vətənin şəhid övladları, soyqırıma məruz qalan azərbaycanlılar, bəli, bu gün Sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, Vətən torpaqları artıq işğaldan azaddır.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, onların ölməz ruhu qarşısında baş əyirik! Qələbəni bizə qazandıran, xidmətdə olan bütün əsgər və zabitlərimizə can sağlığı, qazilərimizə isə şəfa diləyirik.

Sonda isə fikrimi Prezident İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Haqq-ədalət zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.

 

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi,

tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova