Mingəçevir Dövlət Universitetində (MDU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Universitetin imtahan sessiyasının uğurlu keçirilməsi məqsədilə vaxtında hazırlıq işlərinə başlanılıb və bu məsələnin müzakirəsi Elmi Şuranın 12 dekabr 2024-cü il tarixli iclasında aparılıb. Rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun müvafiq əmri ilə bu hazırlıq işləri rəsmi şəkildə təsdiq edilib.

Əmrə əsasən, imtahan sessiyası 31 yanvar 2025-ci il tarixinədək (5 həftə) davam edəcək və imtahanlar müxtəlif formalarda – yazılı, şifahi və test şəklində keçiriləcəkdir. Test imtahanlarının təşkil edilməsi üçün bütün lazımi hazırlıqlar aparılıb və tələbələr üçün şərait yaradılıb.

Sağlamlıq imkanları məhdud olan tələbələr üçün xüsusi qiymətləndirmə üsullarının tətbiq edilməsi təmin olunub. Onlar üçün imtahanların fərqli forması müəyyənləşdirilib.

Tələbələr imtahanlar zamanı narazılıq halları ilə qarşılaşarsa Apellyasiya komissiyası təşkil olunub. Bu il, əvvəlki illərlə müqayisədə, komissiyaya müraciət edən tələbələrin sayı əhəmiyyətli dərəcədə azalıb.

İmtahan sessiyası dövründə tələbələrin kitabxanadan istifadə etməsi üçün hər iki universitet korpusunda lazımi şərait təmin olunub.

Həmçinin, valideynlər və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri də imtahanları izləyə bilmək üçün universitetdə xüsusi şəraitlə təmin olunublar.
MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və akkreditasiyaya hazırlıq məqsədilə Monitorinq qrupunun yenidən formalaşdırılması, universitetin təhsil sistemində davamlı inkişafın təmin edilməsi üçün vacib addımdır. Bu qrup imtahanların müşayiəti, monitorinqlərin keçirilməsi və tədrisin mövcud vəziyyətinə dair mütəmadi məlumatların rektorluğa təqdim olunması ilə tədris prosesindəki potensial problemlərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin edir. Bu dəfə Monitorinq qrupu Mühəndislik fakültəsinin 3 qrupunda iştirak edərək tədrisin keyfiyyətinə dair ətraflı təhlil aparıb. Bu yanaşma həm tədrisin inkişafına, həm də akkreditasiyaya hazırlığa müsbət təsir göstərir.