MDU-da elmi-praktik konfrans: “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri”

2023-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdüri, dosent Esmira Cəfərova yeddi il əvvəl erməni təxribatına cavab olaraq həyata keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qalibiyyətdən bəhs edib. Qeyd edilib ki, Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən Aprel qələbəsi 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər üçün mühüm zəmin yaratmışdır. Vətən yolunda böyük şücaət və fədakarlıq göstərən şəhidlərimizin adları daim uca tutulacaq və əziz xatirələri hər zaman böyük ehtiramla anılacaqdır.

Sonra, Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirə qatılan şəhid ailəsi üzvlərinin adından çıxış edən Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman əsgər və zabitlərimizlə qürur duyduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırıb.

Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun əməkdaşlarından Mətanət Yusifova “Modern ordu quruculuğu siyasəti Aprel döyüşlərinə qədər daxili siyasətin prioritet vəzifəsi kimi”, Aygün Qədirova “2016-cı ilin Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir” və Leyla Babayeva “Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində Aprel qələbəsinin rolu” mövzusunda çıxış ediblər.

Məruzələrdən sonra konfrans ədəbi-bədii hissə ilə davam edib. MDU-nun əməkdaş və tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi kompozisiyaları ifa edilib.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.