“Heydər Əliyev İli” çərçivəsində magistrantların elmi-nəzəri konfransının bölmə iclasları keçirilib

2023-cü il martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində magistrantların “Elm Günü”nə həsr olunmuş V elmi-nəzəri konfransının bölmə iclasları keçirilib.

Konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalovun moderatorluğu ilə keçirilib. MDU-nun magistrantlarından Vüsalə Mustafayeva “Ədəbiyyat dərslərində nitq inkişafının  əsas prinsipləri”, Fəridə Rəhimli “Tarix dərslərinin tədrisi prosesində şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılması yolları”, Şahsənəm Əliyeva “Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi üzrə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin mahiyyəti”, Leyla Xəlilova “Kvadrat tənliyin köklərinin müxtəlif üsullarla tapılması”, Nurlanə İsmayılzadə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün pedaqoji işin əhəmiyyəti” və Xanım İsazadə “Xarici dilin tədrisində İKT-dən istifadənin müsbət və mənfi  cəhətləri” mövzusunda çıxış ediblər.

Konfransın “İqtisadiyyat elmləri və idarəetmə” bölməsinin iclası MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimlinin moderatorluğu ilə keçirilib. MDU-nun magistrantlarından Zamiq İsgəndərov “İqtisadiyyatın tənzimlənməsində dolayı vergilərin rolu”, Qurban Qurbanzadə “Şirkətlərin ictimailəşdirilməsinin əhəmiyyəti”, Cavid Xancanlı “Müəssisənin maliyyə ehtiyatlarının formalaşdırılması və onun sosial-iqtisadi inkişafa təsiri imkanları”, Toğrul Telmanlı “Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının artırılması perspektivləri”, Turan Eyvazlı “Rəqabətli insan kapitalının inkişafında innovasiyaların rolu” və Süleyman Nağıyev “Müasir dövrdə inflyasiyanın tənzimlənməsi problemləri” mövzusunda çıxış ediblər.

Konfransın “Təbiət və texnika elmləri” bölməsinin iclası MDU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Almaz Əliyevanın moderatorluğu ilə keçirilib. MDU-nun magistrantlarından Tünzalə Əlifova “Avtomobilləşmənin müasir səviyyəsində tormoz sistemindəki çatışmazlıqların hərəkətin təhlükəsizliyinə təsiri”, Aidə Heydərova “Müasir parklamanın idarə edilməsinin əsas strategiyaları”, Rəval Əliyev “Mühərriklərin yüngül işəsalınmasını həyata keçirən qurğular – softstaterlər”, İslam Məmmədov “MS SQL serverinin tətbiqi ilə “Fakültə” verilənlər bazasının yaradılması prosesi”, Murad Baxşəliyev “Hava elektrik veriliş xətlərinin kompozit dayaqları” və Elvin Qasımov “Meqapolislərdə avtobusların iş rejiminin texniki-iqtisadi göstəriciləri və onların maddi-texniki bazası” mövzusunda çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.