Azərbaycan öz tarixi irsinə qovuşur

Azərbaycan öz tarixi irsinə qovuşur

 

Müasir milli tariximizin ən şanlı səhifələrindən biri sayılan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı xalqımızı həm də öz tarixi irsinə qovuşdurdu. Azərbaycan xalqının çoxəsrlik tarixi Azıxdan, Tağlardan, Köndələnçay, Quruaçyay və Xocalı mədəniyyətlərindən başlayır. Lakin 30 il idi ki, tariximizin beşiyi sayılan bu məkanlar düşmən tərəfindən işğal olunmuşdu. Tarixi qürurumuz əsir düşmüşdü. Buna görə də gənc azərbaycanlılar məktəblərdə tariximizi öyənərkən müqəddəs yerlərimizin düşmənin əlində olmasından qürur qırıqlığı yaşayırdı. 1960-cı ildə indiki Xocavənd rayonunun ərazisində Azıx kəndi yaxınlığında yerləşən Azıx mağarasında tədqiqatlar aparmış və ölkəmizin qədimliyini, Qarabağın bəşəriyyətin ilk yaşayış məskənlərindən biri olmasını bütün dünyaya bəyan etmiş mərhum Məmmədəli Hüseynovun ruhu da bu torpaq ugrunda canını qurban vermiş minlərlə insanın ruhları kimi narahat idi. Qarabağdakı Azərbaycan yurdlarını viran qoyan ermənilər həyasızcasına Azərbaycan xalqının qədim tarixinə aid olan abidələri bütün dünyaya erməni abidələri kimi təqdim edir və bunun cavabsız qalacağını düşünürdülər. Bu gün artıq vəziyyət köklü şəkildə dəyisib. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev özünün sarsılmaz qətiyyəti ilə xalqı və ordunu müqəddəs ideya – Vətənin azadlığı naminə mücadilə ideyası altında dəmir yumruq kimi birləşdirərək düşmənə elə bir ölümcül zərbə vurdu ki, bu zərbə nəinki yaxın çevrədə, həm də dünyada əsl şok effekti yaratdı. Dünya sanki 30 illik qəflət yuxusundan oyandı və gördü ki, “Azərbaycan” qüdrətli bir məmləkət, bu məmləkət uğrunda son nəfərinə qədər canını qurban verməyə hazır olan fədakar insanların sonsuz məhəbbət bəslədiyi və sədaqətlə xidmət etdiyi həmişəqalib rəhbəri var.

Regionda və dünyada mövcud qüvvələr nisbətini köklü şəkildə dəyişmiş və dünya güclərini Azərbaycanın siyasi iradəsilə hesablaşmağa vadar etmiş xalq, ordu və İlham Əliyev birliyi sübut etdi ki, Cənubu Qafqazda əsas söz sahibi kimdir, müqəddəs Qarabağ torpaqları kimə məxsusdur.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdyi mükəmməl daxili və xarici siyasət sayəsində tezliklə 30 ildir yolumuzu gözləyən Qarabağda başlanmış möhtəşəm bərpa və tikinti-quruculuq işləri öz töhfəsini verəcək.

Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində Prezident İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi və möhtəşəm infrastruktur layihələrinin təməlini qoymasıdır. Bu vətənimizin öz bütövlüyünə qovuşması aktının parlaq təzahürüdür. Müzəffər Ali Baş Komandanın bu səfərləri həm düşmənə, həm də bütün dünyaya qətiyyətli bir mesajdır. Bu yurdun kimə məxsus olması haqqında mesaj. Prezidentin təqdim etdiyi hər bir tədbir, dediyi hər bir söz, etdiyi hər bir çağırış isə ədalətə əsaslnan yeni dünya nizamının yaradılmasına möhtəşəm töhfədir. Onun timsalında çağdaş bəşəriyyət ədalətin necə qalib gəlməsinin şahidi oldu.

15 mart 2021-ci il tarixdə Prezident İlham Əliyevin Füzuliyə, Hadruta və Xocavəndə növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu Ali Baş Komandanın sevinc dolu çöhrəsində də öz əksini tapmişdı. Prezidentin öz ailə üzvləri ilə birlikdə Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyduqdan sonra Böyük Tağlar və Azıx kəndlərində olması, Azıx mağarasını ziyarət etməsi müasir tariximizə yazılmış daha bir qələbədir. 30 il düşmən işğalında olan bu tarixi məkanların ziyarət edilməsi və təsvirlərin bütün dünyaya göstərilməsi həm ölkəmizdə, həm də ondan xaricdə Qarabağ haqqında təsəvvürləri köklü şəkildə dəyişdi, saxtakar erməni təbliğatı nəticəsində Qarabağ haqqında dünya ictimaiyyətində yaranmış bütün stereotipləri sındırdı.

Cənab Prezidentin məhz sivilizasiyanın beşiyi sayılan Azıx mağarasını ziyarət etməsi həm də tarixi irsimizə qayıdış haqqında Azərbaycan xalqına ünvanlanmış mesaj idi. İndi tariximizin ilk səhifələrini öyrənərkən, Azıx, Tağlar, Quruçay, Köndələnçay, Xocalı-Gədəbəy mədəniyyətləri haqqında yeni biliklərə sahib olarkən övladlarımız qürur qırıqlığı yaşamayacaqlar. Tarixi irsimizi bizə qaytaran Azərbaycan xalqının sevimli rəhbəri, Azərbaycanın müzəffər sərkərdəsi cənab İlham Əliyevə minnətdar olacaqlar.

Beləliklə, bu gün xalqımız doğma irsinə qovuşmaqla çoxəsrlik tarixinin ən şanlı səhifəsini yaşayır. Bu tarixdə isə Azərbaycan xalqının qürurunu və şərəfini özünə qaytarmış möhtərəm İlham Əliyevin böyük şəxsiyyəti ucalır.

 

İlham Məmmədov

Mingəçevir Dövlət Universiteti

Humanitar fənlər kafedrasının baş müəllimi