Mingəçevir Dövlət Universitetində “Yurdumuza bahar gəlir” mövzusunda bayram tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində “Yurdumuza bahar gəlir” mövzusunda bayram tədbiri keçirilib

 

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. “21 mart – Beynəlxalq Novruz Günü” münasibətilə təşkil olunan tədbir ilaxır çərşənbəsi gününə təsadüf edib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bayram tədbirini MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açıb. Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran E.Cəfərova onları Novruz Bayramının müjdəçisi olan ilaxır çərşənbəsi münasibətilə təbrik edib, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.

Sonra tədbirdə qonaq qismində iştirak edən bədii qiraət ustası, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramova söz verilib. “30 ildə Qarabağda qalanmayan bayram tonqalları” mövzusunda məruzə edən əməkdar artist 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərdən danışıb. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində əzəli torpaqlarımızda yenidən bayram tonqallarının yandığını vurğulayan A.Bayramov belə bir əlamətdar gündə MDU-nun tələbələri və əməkdaşları ilə görüşməkdən məmnunluğunu ifadə edib. Novruz bayramının qədim adət və ənənələrindən danışan qonaq ilaxır çərşənbədə yandırılan tonqalların mahiyyəti və məramı barədə ətraflı məlumat verib.

Daha sonra, MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Günel Yunusova “Azərbaycan ədəbiyyatında Novruzun əksi”, Səadət Ağakişiyeva “Novruz çərşənbələri”, Səbinə Novruzova “Novruz adət-ənənələri” mövzularında məruzələr ediblər. Məruzələrdə milli adət ənənələrimizin qorunub saxlanılmasının vacibliyi qeyd olunub, gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs olunub.

Sonra Novruz bayramı haqqında videoçarx nümayiş etdirilib.

Bədii qiraət ustası Ağalar Bayramovun səsləndirdiyi şeirlər, təcnislər, gözəlləmələr, bayatılar tələbələrin və akademik heyətin böyük marağına səbəb olub, onlarda əsl bayram əhval ruhiyyəsi yaradıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan bayram tədbirində mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb, Novruz adətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da Azərbaycan xalqının milli adət-ənənələrinin təbliğinə, tələbələr arasında müvafiq mövzularda maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir.

{phocagallery view=category|categoryid=545|limitstart=0|limitcount=0}