2026-cı ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən universitetin əməkdaş və tələbələri üçün yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq mövzusunda təlimlər keçirilib.
Təlimlər universitetdə təşkil olunan “Yaşıl Fövqəladə Hallar və Yanğın Təhlükəsizliyi Həftəsi” (Green Emergency & Fire Safety Week) çərçivəsində həyata keçirilib. Universitetin dayanıqlı inkişaf strategiyası, “Yaşıl Kampus” konsepsiyası və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində təşkil edilən tədbirlər ekoloji təhlükəsizlik, risklərin idarə olunması və fövqəladə hallara hazırlıq sahəsində institusional yanaşmanın gücləndirilməsinə xidmət edib.
Həftə ərzində universitet kampusunda yanğın təhlükəsizliyi üzrə praktiki təlimlər, fövqəladə vəziyyət simulyasiyaları, kütləvi təxliyə məşqləri, ekoloji risklərin idarə olunmasına dair seminarlar və maarifləndirici təqdimatlar təşkil olunub. Tədbirlərin əsas məqsədi tələbə və əməkdaşlarda təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə hallara operativ müdaxilə bacarıqlarının inkişaf etdirilməsi, ətraf mühit risklərinə qarşı dayanıqlı yanaşmaların təşviqi və yaşıl kampus prinsiplərinin praktik tətbiqinin genişləndirilməsi olub.
FHN əməkdaşları tərəfindən iştirakçılara yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları, ilkin müdaxilə üsulları, təhlükəsiz təxliyə marşrutları və fövqəladə hallar zamanı kollektiv koordinasiya mexanizmləri barədə ətraflı məlumat verilib. Təlimlər zamanı real şəraitə uyğun ssenarilər əsasında praktiki məşğələlər keçirilib və iştirakçıların fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsi qiymətləndirilib.
Tədbirlər çərçivəsində universitet ərazisində “Ekoloji Təhlükəsizlik Zonası” (Eco Safety Zone), “Su Mühafizəsi Zonası” (Water Protection Zone) və “Bərpa Olunan Enerji Təhlükəsizlik Zonası” (Renewable Energy Safety Zone) adlı xüsusi maarifləndirmə bölmələri fəaliyyət göstərib. Bu zonalarda təhlükəli və elektron tullantıların idarə olunması, laboratoriya təhlükəsizliyi, su ehtiyatlarının qorunması, enerji təhlükəsizliyi və yaşıl texnologiyaların tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib.
Xüsusi maraq doğuran tədbirlərdən biri “Kütləvi Fövqəladə Təxliyə Təlimi”nin (“Mass Emergency Evacuation Drill”) keçirilməsi olub. Universitetin müxtəlif korpuslarını əhatə edən genişmiqyaslı təxliyə məşqi zamanı təhlükəsizlik prosedurlarının effektivliyi praktiki şəkildə sınaqdan keçirilib.
Həftə çərçivəsində tələbələrin iştirakı ilə “Ekoloji Təhlükəsizlik Çağırışı” (Eco Safety Challenge), “Yaşıl Təhlükəsizlik Viktorinası” (Green Safety Quiz) və “Dayanıqlı Kampus İdeya Təqdimatı” (Sustainable Campus Idea Pitch) adlı interaktiv yarışlar da təşkil olunub. Yarışlarda dayanıqlı təhlükəsizlik, yaşıl texnologiyalar və ekoloji məsuliyyət mövzularında innovativ ideyalar təqdim edilib.
Tədbirlərin sonunda “Dayanıqlı Fövqəladə Kampus Bəyannaməsi” (Sustainable Emergency Campus Declaration) qəbul olunub. Bəyannamədə təhlükəsiz, dayanıqlı və ekoloji məsuliyyətli universitet mühitinin inkişaf etdirilməsi üzrə əsas prioritet istiqamətlər müəyyənləşdirilib.
MDU-da keçirilən bu kimi təşəbbüslər universitetdə təhlükəsizlik standartlarının yüksəldilməsi, ekoloji məsuliyyət mədəniyyətinin gücləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və beynəlxalq “yaşıl universitet” indikatorlarına uyğun institusional idarəetmə modelinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirlərin universitetin beynəlxalq yaşıl kampus təşəbbüslərində, xüsusilə ekoloji dayanıqlılıq və təhlükəsiz kampus idarəçiliyi üzrə qiymətləndirmə meyarlarında mövqeyinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.