2025-ci ilin 12 sentyabr tarixində “Aqualink” MMC-nin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VI “Xəzər Su İnnovasiya Forumu” keçirilib. “Suya dəyər qatırıq” şüarı ilə keçirilən forum ölkəmizdə su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi istiqamətində geniş fikir və təcrübə mübadiləsi platforması olub. Tədbirin əsas məqsədi su sahəsində qabaqcıl elmi yeniliklərin və texnologiyaların nümayişi, dövlət qurumları, yerli sahibkarlar və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədovanın bələdçiliyi ilə Ekologiya, Ekologiya mühəndisliyi, Kimya müəllimliyi və Fizika müəllimliyi ixtisaslarının tələbələri forumda iştirak ediblər.
Forum çərçivəsində tələbələrimiz “DuPont Water Solutions”, “Hydrophil GmbH”, “AO Smith”, “ProMinent GmbH”, “JUMO” və digər nüfuzlu şirkətlərin nümayəndələrinin çıxışlarını dinləyib, həmçinin müasir texnologiyaların təqdim olunduğu stendlərlə tanış olublar. Qeyd edək ki, MDU tələbələrinin bu cür nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı onların bilik və bacarıqlarının zənginləşməsinə, ekoloji problemlərin həllinə dair yeni yanaşmalarla tanış olmalarına mühüm töhfə verir.