“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlərlə maarifləndirici görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTİM) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (Mərkəzi Aran RTİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlərlə maarifləndirici görüş keçirilib.

Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı tam orta məktəbdə keçirilən görüşdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, məktəbin müəllim və şagirdləri iştirak edib.

Giriş sözü ilə çıxış edən MDU-nun DİRİTİM-in müdiri Asim Məmmədov, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusiboa və məktəbin direktoru Əliyar Yusifov  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edilməsinin əhəmiyyətindən söhbət açıblar. Bu mötəbər addımın təbiətin qorunması, ekoloji tarazlığın saxlanılması kimi məsələlərdə ölkəmizin dünyaya çağırış etməsi, Mingəçevir şəhərində və MDU-da bu il çərçivəsində görülən işlər barədə məlumat veriblər.

Açılış nitqlərindən sonra MDU-nun əməkdaşlarının məruzələri dinlənilib. Şəbnəm İslamova “Yaşıl enerji” və Gülgün İsrəfilova “Torpaq çox funksiyalı təbii sərvət kimi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.