Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır

(Əbu Turxan)

Mingəçevir Dövlət Universitetinin Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin rəhbəri Vüsalə Əlican qızı Mövlayeva ilə müsahibə:

Sual 1. Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nəyi qeyd etmək istərdiniz?

Cavab: Regionda yerləşən universitet həmən bölgənin inkişafı üçün zəruri baza elementidir. Mərkəzi Aran İqtisadi rayonunda yerləşən Mingəçevir Dövlət Universiteti də regionun elmi, sosial-iqtisadi və mədəni inkişafına təkan verən xidmətlər təqdim etməkdədir. Bu gün MDU-du da regionun sosial-iqtisadi inkişaf strategiyası ilə universitetin fəaliyyət istiqamətini uyğunlaşdıraraq bir sıra işlərə imza atılmışdır. Keyfiyyətli regional universitetə çevrilmək yolunda hədəflər yenilənir və univeristetimizdə bölgənin müxtəlif sahələri üzrə elmi təminatının gücləndirmək üçün yeni tədqiqat mərkəzləri yaradılmışdır. Məhz 28 yanvar 2025-ci ildə yaradılmış Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin əsas hədəfləri istiqamətində regionun inkişaf problemlərinə töhfə verən tədqiqat layihələrinin sayını artırmaq və əsas fəaliyyətini bu istiqamətdə inkişaf etdirməkdir.

Sual 2. Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?

Cavab: Beynəlxalq təcrübəyə əsasən ali təhsil müəssisələrində həyata keçirilən tədqiqatların cəmiyyətin ehtiyacları ilə əlaqələndirilməsi ali təhsil siyasətinin əsas prioritetlərindəndir. Məhz buna görə də, sosial-iqtisadi inkişafa töhfə verə biləcək tədqiqat nəticələrinin əldə olunması üçün ali təhsil müəssisələrində keyfiyyətli tədqiqat fəaliyyətinin səmərəli təşkili və idarə olunmasına son illərdə xüsusi diqqət yetirilir. Əgər keyfiyyətli universitet geniş mənada millətin, dövlətin rəqabətqabiliyyətliyini yüksəldirsə, keyfiyyətli regional universitet regionun ölkə daxilində rəqabətqabiliyyətliyini yüksəldir. Hər bir regionun özünəməxsus xüsusiyyətləri var və Mingəçevir Dövlət Universitetinin də yerləşdiyi Mərkəzi Aran iqtisadi rayonu respublikanın coğrafi və iqtisadi mövqeyində özünəməxsus olan potensialı ilə fərqlənir. Mərkəzin əsas fəaliyyət istiqamətləri iqtisadi rayonunun ərazisini, milli irsini, tarixini araşdırmaq, təbliğ etmək və gənc nəslə öyrətməkdir. Bu məqsədlə dövlətin mədəniyyət proqramları və digər müvafiq proqramları əsas tutaraq araşdırmalar aparmaq, elm, təhsil istiqamətində layihələrdə iştirak etmək, həmçinin təbliğat yönümlü işlər həyata keçirmək əsas prioritetlərdən biridir. Həmçinin regionunun iqtisadi və sosial inkişafına töhfə vermək üçün elmi tədqiqatları gücləndirmək, müxtəlif sahələrdə o cümlədən təbiət elmləri, ətraf mühit və bölgənin turizm-reakreasiya ehtiyatlarının qiymətləndirilməsi mərkəzin tədqiqat üçün qarşıya qoyduğu əsas məqsədlərdəndir. İstənilən regionun rəqabət qabiliyyətinin artırılmasının prioritet strateji istiqamətlərindən biri təbii ehtiyatların istismarına əsaslanan renta iqtisadiyyatından insan kapitalından, intellektual resurslardan və yüksək texnologiyalardan istifadəyə əsaslanan inkişaf iqtisadiyyatına keçiddir. Bölgədə iqtisadiyyatın şaxələndirilməsi, işsizlik və sosial məsələlərin həlli istiqamətində innovativ təşəbbüslü araşdırmaların aparılması, nəticəyönümlü təkliflərin verilməsi mərkəzin əsas diqqət yetirdiyi fəaliyyətlər sırasındadır. Mərkəzi Aran ərazisi, özünün münbit torpaqları, əlverişli iqlimi və su resursları ilə diqqət çəkir. Kənd təsərrüfatının intensiv inkişafı üçün geniş imkana malik olan iqtisadi rayonda bu sahənin araşdırılması üçün mərkəzdə  istiqamətlər müəyyənləşdirilib.

Sual: 3. Mərkəziniz öz fəaliyyətində hansı normativ sənədlərə əsaslanır?

Cavab: Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aktlarını, MDU-nun nizamnaməsini, həmçinin MDU rəhbərliyinin idarəetmə orqanlarının qərar və göstərişlərini, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nı, habelə özünün Əsasnaməsini rəhbər tutur.

Sual 4. Mərkəzin Mərkəzi Aran iqtisadi rayonu üçün əhəmiyyəti nədir?

Cavab: Düşünürük ki, məhz iqtisadi rayonunun əsas sənaye şəhərindən biri olan Mingəçevirdə və bu şəhərdə fəaliyyət göstərən univeritetdə yaradılmış Mərkəzi Aran elmi tədqiqat mərkəzi fəaliyyəti bölgənin inkişafı üçün faydalı olacaq. Mərkəz öz qarşısına regiona xas olan xüsusiyyətlərin, problem və məsələrin tədqiqatını əsas kimi götürüb. Mərkəzin işçi qrupu öz ixtisas profillərinə uyğun problem mövzuların araşdırılmasına cəlb olunublar. Bundan əlavə mərkəz Beynəlxalq tədqiqat mərkəzləri və təşkilatlarla əlaqələr yaratmaq və elmi əməkdaşlıq layihələrini həyata keçirməyi planlaşdırır. İqtisadi rayonda regionun innovativ inkişafı, regionda sosial-mədəni dəyərlərin formalaşdırılması, region üçün xarakterik sahələr üzrə səriştəli kadr potensialının hazırlanması, kadrların təkmilləşdirilməsi və fasiləsiz təhsili ilə təmin olunmasında Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzi struktur-funksional rol oynamağı hədəfə alıb. Həmçinin univeristetimizin əsas tələbə kontingentini məhz Mərkəzi Aran iqtisadi rayonuna daxil olan bölgələrdən olan gənclər təşkil etdiyindən onları tədqiqat işlərinə cəlb etməklə ideyaların, tədqiqatların məhsula çevrilməsinə nail olmaqdır. Əminik ki, Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzi bu və ya digər innovativ yönümlü mümkün tədqiqat fəaliyyəti ilə regionun inkişafına özünün innovativ ideya və təklifləri ilə töhvə vermiş olacaq.

Sual 5. Necə düşünürsünüz, ümumiyyətlə elm nəyi öyrənir?

Cavab: Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elmlə məşğul olmaq, hər şeydən əvvəl, həqiqəti axtarmaq deməkdir, həqiqəti axtarmaq isə gözəlliyin sorağında gəzmək, onu kəşf etmək deməkdir. Çünki həqiqət gözəllikdən, gözəllik isə həqiqətdən ayrı deyildir. Gözəllik duyğusu varlığın inikası, mövcud həqiqətin idrakıdır. İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir.

Elm həm də dünyagörüşdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.

Hələ XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Şairin fikrincə, adamlar elmin gücü ilə qələbə çalıb müvəffəqiyyət qazana bilərlər. Nizami elmə, elm adamına olan müsbət münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə belə verir:

O böyük, ağıllı, ayıq hökmdar,
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
«Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz».

Ata-babalarımız da elmə, elm adamına həmişə yüksək qiymət vermiş, ehtiramla yanaşmışdır. Müasir dövrümüz yüksək texnika dövrü, yüksək sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir.

Müsahibəni apardı: Nazim Niftəliyev