MDU-nun iqtisadçıları Strateji Yol Xəritəsini müzakirə ediblər

MDU-nun iqtisadçıları Strateji Yol Xəritəsini müzakirə ediblər

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində Dəyirmi masa keçirilmişdir. “Strateji yol xəritələrinin reallaşdırılmasında ali təhsil müəssisələrinin rolu və fəaliyyət istiqamətləri” mövzusunda keçirilən dəyirmi masanı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Qeyd edib ki, elə buna görə də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsi haqqında 06 dekabr 2016-cı il tarixdə Fərman imzalamışdır. Ümumilikdə ölkənin perspektiv inkişaf hədəfləri və istiqamətlərini müəyyənləşdirən 12, o cümlədən ayrı-ayrı sektorlar üzrə isə 11 strateji yol xəritəsi qəbul edilmişdir.

A.Hacıyev bildirib ki, strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

A.Hacıyev qeyd edib ki, bura Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), ağır sənaye və maşınqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə  kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının hazırlanması, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələri daxildir.

Sonra dəyirmi masada ”Milli iqtisadiyyat və iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə strateji yol xəritəsi”nin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu mövzusunda Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov çıxış edib. O, 2004-2016-cı illər üzrə ölkə iqtisadiyyatı üzrə rəsmi statistik rəqəmləri təhlil edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı uğurlu Dövlət Proqramları, Fərman və sərəncamları haqqında ətraflı məlumat verib. V.Əyyubov qeyd edib ki, müzakirə mövzumuz milli iqtisadiyyatımızın olduqca aktual bir probleminə, davamlı inkişafın təmin olunmasında qeyri-neft sektorunun roluna həsr olunur. Bildirib ki, son illər Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yaradır. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhz bu mühüm vəzifə qarşıya qoyulub. Ona görə də yaxın illərdə iqtisadi artımın maşınqayırma, ixtisaslaşmış turizm, kənd təsərrüfatı, eləcə də digər  sahələrin inkişafına nail olmaqla reallaşdırması heç bir şübhə döğurmur.

Mövzunun davamı olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli çıxış edib. Qeyd edib ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji Planının icrasını təmin etmək məqsədilə universitet tərəfindən də tədbirlər planı hazırlanmışdır və müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin rektoru tərəfindən Tədbirlər Planının təsdiqi barədə 02.06.2017-ci il tarixli tarixli 57/1 saylı əmr imzalanmışdır.

N.Qədimli qeyd edib ki, tədbirlər Planına uyğun olaraq fakültələrdə, kafedralarda uyğun struktur bölmələrində və ixtisas qruplarında əməli maarifləndirici tədbirlərin, konfrans, dəyirmi masa, seminarların, TEC-in tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən “Strateji yol xəritələrinin reallaşdırılmasında ali təhsil müəssisələrinin rolu və fəaliyyət istiqamətləri” mövzusunda keçirilən dəyirmi masa qeyd olunan tədbirlərdən biridir. Dəyirmi masanın məqsədi də tədbirlər planında nəzərdə tutulmuş vəzifələr və ondan irəli gələn məsələlərin müzakirəsinin aparılmasıdır.

Dosent Nüşabə Qədimli bildirib ki, Strateji yol xəritəsi uzun müddətə ölkənin mühüm hədəflərini müəyyənləşdirəcək. Azərbaycan dövləti strateji yol xəritəsini ölkəmizin bütün ərazisində tam dolğunluğu ilə həyata keçirəcək. Strateji yol xəritəsi Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq niyyəti daşıyır. Bunun üçün qarşıda 3 əsas məqsədin- kapital, talant, bazar prinsiplərinin  gerçəkləşdirilməsi kimi mühüm vəzifə durur. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycan dövlətinin uzunmüddətli hədəflərini müəyyənləşdirir.

Sonra “İqtisadiyyat” kafedrasının müdiri, i.f.d. Cəmilə Musayeva, baş müəllim Arif Tağıyev, Mingəçevir Sənaye Parkının baş mühəndisi, dosent Mustafa Məmmədov Yüksək ixtisaslı kadrların hazırlanmasının əmək bazarının tələblərinə uyğunlaşdırılması haqqında, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri dosent Emiliya Hüseynova Universitet klasterlərinin yaradılmasına strateji yanaşma haqqında, baş müəllim Günəş Şəfaqətov və Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev Elmi-tədqiqat işlərinin və tədris prosesinin innovativ yönümlülüyünün yüksəldilməsinin bəzi aspektləri haqqında mövzu ətrafında müzakirələrdə çıxış etdilər.

Natiqlər qeyd ediblər ki, davamlı iqtisadi islahatlar çərçivəsində ölkədə aparılan iqtisadi siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunan milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib,  strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Lakin bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Qeyd edək ki, Dəyirmi masada universitetin professor və müəllim heyətilə yanaşı, dəvət olunan Mingəçevir Sənaye Parkının, Məşğulluq Mərkəzinin, KİV-in nümayəndələri də iştirak ediblər.

{phocagallery view=category|categoryid=14|limitstart=0|limitcount=0}