14 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Pedaqogika və psixologiya kafedrasının təşkil etdiyi 4 modullu təlimin ikinci hissəsi keçirilib. Təlimlərin əsas məqsədi universitet müəllimlərinin pedaqoji və psixoloji biliklərini inkişaf etdirərək, müasir təlim metodları ilə tədris prosesini daha interaktiv və effektiv etməkdir.
Təlimin ikinci günündə MDU-nun pedaqogika və psixologiya sahəsindəki təcrübəli müəllimləri Səbinə Quliyeva və Zülfiyyə Tanrıverdiyeva təlimçi qismində iştirak ediblər. Səbinə Quliyeva, “Tədris metodlarında tələbə yönümlü, problem yönümlü, səriştə əsaslı tədris” mövzusunda geniş bir təqdimat edərək, müxtəlif təlim metodlarının effektiv tətbiqi barədə ətraflı məlumat verib. Zülfiyyə Tanrıverdiyeva isə “Tədris metodlarında dərindən öyrənmə, maraqlanma, motivasiya və öhdəlik götürmə yanaşmalarının tətbiqi” mövzusunda təqdimat edərək, müəllimlərə müasir tədris yanaşmalarını necə tətbiq edə biləcəkləri barədə dərin biliklər verib.
Təlimin sonunda iştirakçılar yeni təlim metodları və yanaşmalar barədə zəngin biliklər əldə edərək öz tədris təcrübələrini zənginləşdirmək və müasir təlim prinsipləri ilə tanış olmaq imkanı qazanıblar. Təlimlər MDU-da pedaqoji və psixoloji sahələrdə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi məqsədini daşıyır və tədrisin keyfiyyətini artırmaq istiqamətində mühüm addım olaraq qiymətləndirilir.
Bu cür təlimlər universitetin müəllim heyətinin peşəkar inkişafını dəstəkləmək və onların pedaqoji bacarıqlarını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.