Mingəçevir Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində 2021-ci ilin 10-11 dekabr tarixlərində keçirilmiş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda I beynəlxalq elmi konfransın materialları iki cildlik məcmuə şəklində dərc edilib. Qeyd edək ki, MDU tarixində ilk dəfə baş tutan beynəlxalq konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunub.

Ölkəmizin ali təhsil və elm ictimaiyyətinin böyük marağına səbəb olan beynəlxalq konfransın materiallarında respublikamızın 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsini, eləcə də 14 xarici ölkənin 35 universitetini təmsil edən müəlliflərin ümumilikdə 470-dən çox məqalə və tezisi yer alıb. Üç bölmə üzrə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) konfransa Azərbaycan, türk, ingilis və rus dillərində daxil olan məqalə və tezislər davamlı inkişafın müxtəlif aspektlərini əhatə edən mövzulara dair müasir nəzəri və praktiki yanaşmaları özündə ehtiva edir.

Eyni zamanda, məcmuədə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin üzvü Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenkonun açılış-plenar iclasdakı çıxışlarının mətni öz əksini tapıb.

Azərbaycan Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici ofisinin, tərəfdaş yerli və xarici universitetlərin dəstəyi ilə MDU-da keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfransın hər il davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub. Eləcə də, universitetdə “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzi yaradılıb.

Beynəlxalq elmi konfransın materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq olar:

KONFRANS MATERİALLARI