Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin (DİRİTM) təşkilatçılığı ilə “Bir sevgi axtarışında” adlı görüş keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnkluziv Təhsil Mərkəzi və “Psixosən” psixoloji dəstək platformasının koordinatoru olduğu “PREGEN” layihəsi çərçivəsində ailə psixologiyası, evlilik və evlilik öncəsi hazırlıq təlimlərinin təqdimatı ilə bağlı keçirilən tədbirdə MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantları iştirak edib.
Tədbir iştirakçılarını və qonaqları salamlayan DİRİTM-nin müdiri Asim Məmmədov tədbirin mahiyyətindən bəhs edərək, bu cür layihələrin gənclərin sağlam və xoşbəxt həyat qurmasına töhfə verdiyini vurğulayıb.
UNEC-in İnkluziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova layihənin məqsədindən danışaraq, bildirib ki, layihə ailə məsuliyyətinin dərk edilməsi və gələcəkdə sağlam ailələrin qurulmasına yönəlib. Qeyd edib ki, təşkil olunan görüşün əsas məqsədi gənclərə “Bir sevgi axtarışında” başlığı altında “ailə qurumu” anlayışını, cəmiyyət strukturunun gerçəklərini başa salmaq, ailə daxili münasibətlərin daha dərin məqamları ilə məlumatlandırmaq, uğurlu və sağlam təməllər üzərində qurulmuş ailə modelinin həyatdakı önəmindən danışmaqdır.
Tədbir çərçivəsində “Psixosən” şirkətinin təsisçiləri İntiqam Məmmədov və Murad Mirzəyev tələbələrə yeni həyata keçirilən layihənin detalları ilə bağlı ətraflı məlumat veriblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan görüşdə suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.