Müstəqillik tarixinin ən qüdrətli çağını yaşayan qalib xalqımız və dünyanın müxtəlif ölkələrində məskunlaşmalarına baxmayaraq, ürəyi daim Vətənlə döyünən bütün soydaşlarımız bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qürur və sevinc hissi ilə qeyd edir.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu əlamətdar tarixi günün təsis edilməsi dünya azərbaycanlılarının ideoloji həmrəyliyinin və doğma Vətəninə bağlılığının güclənməsi, onların ümummilli maraqlar naminə sıx birləşməsi, eləcə də milli mənafelərimizin ölkə xaricində mütəşəkkil qaydada təbliği və dəstəklənməsi baxımından çox mühüm strateji əhəmiyyət kəsb etmişdir.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
Rektor qeyd edib ki, məhz belə uzaqgörən siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan qlobal siyasi arenada böyük uğurlar qazanıb, dünyada mövqelərini möhkəmləndirərək söz sahibinə çevrilib. Milli qürurumuzun bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan xalqımız öz birliyinin gücünü və yenilməzliyini ən bariz surətdə təsdiq etdi. Şanlı qalibiyyətin rəmzi olan “Dəmir yumruq” məhz Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qüdrəti ilə vəhdət təşkil edən xalqımızın sarsılmaz birliyinin və həmrəyliyinin təcəssümüdür. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının həmrəyliyi və milli-mənəvi birliyi sayəsində mümkün oldu.
Hazırda bu birlikdən qaynaqlanaraq ölkəmiz yeni geosiyasi reallıqlar şəraitində tarixinin şərəfli səhifələrini yazmaqda davam edir. Doğma Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan sürətli, irimiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın tam gerçəkləşməsini yaxınlaşdırır və ölkəmizin gücünə güc qatır. Prezident İlham Əliyevin xalqa müraciətlərinin birində qeyd etdiyi kimi: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.
Eyni zamanda, bu gün bölgədə barışığa hər vəchlə mane olan revanşist qüvvələrin və onları dəstəkləyən mənfur xarici dairələrin təxribatları və dağıdıcı mövqeləri fonunda həmrəyliyimizin daha da güclənməsinə, milli maraqlarımızın bütün beynəlxalq siyasi müstəvilərdə müdafiəsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına daha çox ehtiyac yaranmışdır. Əminik ki, dünyada mövcud olan mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə dövlətimizin bölgədə dayanıqlı sülhə və tərəqqiyə əsaslanan bütün təşəbbüslərini reallaşdırması üçün xalqımız öz potensialını səfərbər edəcəkdir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi uğrunda səylərin gücləndirilməsinin qarşıda duran əsas hədəflərdən olması bir daha sübut edir ki, xalqımızın həmrəyliyi hər zaman xoş və birləşdirici mərama xidmət edir.