“Azərbaycan müəllimi” qəzeti, 14.07.2023
Qəzetin PDF versiyası
2022/2023-cü tədris ilinin yekunları: tədris və elmi fəaliyyətdə əsas nəticələr
Milli ali təhsil məkanında yeni reallıqlar və aktual vəzifələr
Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri sayəsində xüsusi karantin rejiminin əhəmiyyətli dərəcədə yumşaldılması uzunmüddətli fasilədən sonra cari tədris ilində respublikamızın bütün ali təhsil müəssisələrində ənənəvi təhsilin tamamilə bərpa edilməsinə səbəb olmuşdur.
Habelə, ölkəmizdə 2022-ci ilin “Şuşa İli” və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq, cari tədris ilinin payız və yaz semestrləri ali təhsil müəssisələrində bir çox əlamətdar hadisələrlə zəngin olmuşdur. Bu çərçivədə həyata keçirilmiş çoxsaylı və rəngarəng elmi, sosial, mədəni, maarifləndirici və beynəlxalq fəaliyyətlər universitetlərimizin cəmiyyət həyatında aktivliyini və ictimai nüfuzunu daha da artırmışdır.
Cari tədris ili, həmçinin Azərbaycanda təhsilalanların sosial rifahının yaxşılaşdırılmasına dövlət dəstəyi baxımından da yadda qalan olmuşdur. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il 13 yanvar tarixli müvafiq fərman və sərəncamı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün və dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılmışdır. Bundan əlavə, Prezidentin 2023-cü il 24 iyun tarixli sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilmişdir.
Eləcə də, ölkə rəhbəri tərəfindən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi milli ali təhsilimizin beynəlxalq ali təhsil məkanındakı mövqeyinin gücləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.
Bunlarla yanaşı, dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədləri müasir dövrün tələblərinə və çağırışlarına cavab verən ali təhsilin təmin edilməsi istiqamətində universitetlər qarşısında yeni vəzifələr qoymuşdur.
Eyni zamanda, Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” sənədlərinin təsdiq edilməsi universitetlərdə strateji inkişaf və keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır.Yeni Meyarların tətbiqi səriştəəsaslı və tələbəyönümlü təhsil proqramlarının tətbiqi, ömürboyu təhsil və təhsilin fasiləsizliyinin təmin olunması, keyfiyyətli və şəffaf ali təhsil prosesinin cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, elmi tədqiqat və innovasiyaların inkişafı, ali təhsil sisteminin beynəlmiləlləşməsi və beynəlxalq rəqabətliliyinin artırılması vəzifələrini aktuallaşdırmışdır.
Bu baxımdan, Mingəçevir Dövlət Universitetində (MDU) bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir. Dövlətin ali təhsilə yüksək diqqət və qayğısı, Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi, eləcə də yerli və xarici tərəfdaşlarla faydalı işbirliyi, qabaqcıl təcrübələrin tətbiqinə və potensialın gücləndirilməsinə hədəflənən kompleks tədbirlər sayəsində MDU-da cari tədris ili uğurla başa çatmışdır.
Mövcud potensial, gələcəyə baxış və modernləşmə
Hesabat dövründə universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat) və 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilmişdir. Hazırda üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3500-dən artıq tələbə və magistrant təhsil alır. Bütövlükdə 320-dən çox əməkdaşı olan MDU-da 210 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 62 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 4 nəfərin professor və 39 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilində MDU-da Türkiyənin Qazi Universitetindən 1 alim və ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı çərçivəsində 1 amerikalı mütəxəssis fəaliyyət göstərmişdir.
Qarşıya qoyulan strateji hədəflərin ümumi ideoloji konsepsiyasına uyğun olaraq 2022/2023-cü tədris ili ərəfəsində MDU rebrendinq edilmişdir. Rebrendinq çərçivəsində MDU-nun yeni korporativ stili, yeni loqosu və yeni rəsmi saytı hazırlanmış, universitetin sloqanı, missiyası və gələcəyə baxışı müəyyən edilmişdir. Ölkənin dayanıqlı inkişafına töhfə verən yüksəkixtisaslı kadrların hazırlanması, nəticəyönümlü elmi tədqiqatların aparılması və cəmiyyətə faydalı sosial xidmətlərin göstərilməsi missiyasını üzərinə götürən MDU gələcəyə baxışda təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi hədəfləmişdir. “Müasir təhsil, doğru seçim, uğurlu karyera” sloqanını seçməklə, MDU öz missiyasını layiqincə yerinə yetirəcəyinə əminliyini, davamlı modernləşməyə sadiqliyini, tələbə və məzunlarının hərtərəfli inkişafına dəstəyini ifadə etmişdir.
Cari tədris ilində MDU-nun potensialının inkişafı və strateji hədəflərinə uyğun modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Aidiyyatı dövlət qurumlarının, yerli xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllimkollektivinin əməyi, eləcə də idarəetmədə səmərəliliyin, çevikliyin, hesabatlılığın və şəffaflığın artırılması bu baxımdan əlverişli mühit təmin etmişdir. Son illərdə universitetdə tədris və təlim-tərbiyə prosesinin təşkilində səmərəliliyin artırılması, təhsil və elmi fəaliyyətin kəmiyyət və keyfiyyət göstəricilərində müsbət dinamikanın təmin edilməsi, sosialyönümlü fəaliyyətlərin genişləndirilməsi, idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi, rəqəmsallaşma sahəsində davamlı addımların atılması, yerli və beynəlxalq tərəfdaşlığın, o cümlədən sənaye ilə işbirliyinin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətlər hesabat dövründə daha da zənginləşdirilmişdir.
Hazırda MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına şərait yaradan əlverişli ali təhsil mühitinin təmin edilməsi modernləşmə yolunda prioritet vəzifələrdən biri olaraq diqqət mərkəzində saxlanılır. Bu baxımdan, tələbələrin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap və innovasiya fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə fəal cəlb olunmasına mühüm önəm verilir. Eyni zamanda, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, onların karyera inkişafı və sosial rifahına xüsusi diqqət yetirilir.
Eləcə də, regional ekosistemin drayverinə çevrilməyi hədəfləyən MDU-da əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, qarşılıqlı faydalı əməkdaşlıqların inkişaf etdirilməsi prioritet fəaliyyət istiqamətlərini təşkil edir.
Son dövrdə modernləşmə istiqamətində MDU-da davamlı şəkildə görülən işlər bu ali təhsil müəssisəsinin cəlbediciliyinin artmasına da əhəmiyyətli təsir göstərmişdir. Cari tədris ili üçün universitetin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunda, eyni zamanda yüksək balla qəbul olanların sayında artım müşahidə edilmişdir. Belə ki, ötən tədris ili ilə müqayisədə 2022/2023-cü tədris ili üçün MDU-ya tələbə qəbulu 30 faiz, 500-dən yuxarı balla qəbul olanların sayı isə 27 faiz artmışdır. Növbəti tədris ili üçün isə tələbə qəbulu planı 1680 nəfər proqnozlaşdırılmışdır ki, bu da cari tədris ilinin faktiki qəbul göstəricisi ilə müqayisədə 51,5 faz çoxdur.
Hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun tikilməsi istiqamətində müvafiq işlər davam etdirilir. Yaxın gələcəkdə modern infrastruktura malik yeni kampusun istifadəyə verilməsi yeni dövrün universitetinə çevrilmək yolunda MDU-nun qarşıya qoyduğu strateji hədəflərə uyğun fəaliyyəti üçün geniş imkanlar təqdim edəcəkdir.
Tədrisin səmərəli təşkili
Hesabat dövründə MDU-da tədris və təlim-tərbiyə prosesi mövcud qanunvericiliyin tələbləri, o cümlədən Nazirlər Kabinetinin müvafiq Qərarları, Elm və Təhsil Nazirliyinin aidiyyəti əmrləri və təlimatları, eləcə də bu dövlət sənədlərinin əsasında universitetin Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalar nəzərə alınmaqla ənənəvi formada həyata keçirilmişdir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərs prosesində müasir təhsil texnologiyalarının tətbiq edilməsi və akademik heyətin bacarıqlarının artırılması əsas prioritetlər sırasında yer almış, tədrisin tələbə mərkəzli, nəticəyönümlü və səriştəəsaslı olması istiqamətində davamlı addımlar atılmışdır.
Cari tədris ilinə hazırlıqla bağlı həyata keçirilən kompleks tədbirlər sayəsində MDU tədrisin səmərəli təşkili ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələ bilmiş, tələbə və müəllimlərin yüksək məmnunluğuna nail olmuşdur. MDU-da professor-müəllim və inzibati heyəti üzvləri, tələbə və magistrantlar ilə ənənəvi olaraq silsilə görüşlərin keçirilməsi payız və yaz semestrlərinə və imtahan sessiyalarına hazırlıq səviyyəsinin yüksəldilməsində, tədrisin səmərəli təşkili və çevik idarə olunmasında əhəmiyyətli rol oynamışdır.
MDU-da imtahan sessiyaları Azərbaycan Respublikasının elm və təhsil nazirinin “2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16 dekabr 2022-ci il tarixli və “2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2023-ci il tarixli əmrlərinin tələbləri və bunlara uyğun olaraq universitet rektorunun müvafiq əmrləri ilə təsdiq edilmiş qaydalar əsasında şifahi formada təşkil edilmişdir. İmtahanların şəffaf, obyektiv və mütəşəkkil keçirilməsi məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və digər bütün zəruri addımlar atılmışdır. Payız imtahan sessiyasında 3500-ə yaxın tələbə və magistrantın 1000-dən çox imtahanda iştirakı, yaz imtahan sessiyasında isə 3000-ə yaxın tələbə və magistrantın 600-dən çox imtahanda iştirakı təmin edilmişdir.
Son dörd tədris ilində MDU tələbələrinin müvəffəqiyyət göstəricisi 90 faiz və ondan çox olmuşdur. Keyfiyyət göstərcisi isə təqribən 40 faizə qədər yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2018/2019-cu tədris ilinin yaz semestrində müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq, 78,9 və 18,7 faiz təşkil etmişdir.
Aparılan sorğulara əsasən, MDU-da 2022/2023-ci tədris ilində imtahan sessiyalarının təşkili məqsədilə həyata keçirilən sistemli və kompleks tədbirlər tələbə və müəllim kollektivi, eləcə də valideynlər və şəhər ictimaiyyəti nümayəndələri tərəfindən müsbət qiymətləndirilmiş və bununla bağlı onların fikir və rəyləri diqqətdə saxlanılmışdır.
Hesabat dövründə MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturun yaradılması işləri uğurla davam etdirilmişdir. Belə ki, cari tədris ilinin payız semestrində universitetdə Energetika laboratoriyası istifadəyə verilmişdir. Laboratoriyanın müvafiq cihaz və avadanlıqlarla təchiz olunmasında “Azərbaycan İES” MMC, Mingəçevir SES Silsiləsi və Mingəçevir REŞ mühüm rol oynamışdır. Eləcə də, layihənin ərsəyə gəlməsində 2021/2022-ci tədris ili ərzində MDU-da fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin iki professoru fəal iştirak etmişdir. Hazırda mühəndislik sahəsində bir çox fənlərin tədrisinin həyata keçirildiyi sözügedən laboratoriya tələbələrin praktiki bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.
Bununla yanaşı, universitetin Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübəsi müvəffəqiyyətlə başa çatmışdır. Təcrübə müddəti başlamazdan öncə təcrübə rəhbərləri və tələbələrlə görüşlər keçirilmiş və mövcud qaydalarla bağlı müvafiq məlumatlandırma həyata keçirilmişdir. Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-nun Təhsil fakültəsi üzrə 259, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 200 və Mühəndislik fakültəsi üzrə isə 94 olmaqla ümumilikdə 553 tələbə 22 müəssisəyə pedaqoji və istehsalat təcrübəsinə göndərilmişdir.
Akademik və inzibati heyət üzvlərinin yeni akkreditasiya qaydaları, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi barədə maarifləndirilməsi və təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə MDU Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan müvafiq beynəlxalq konfranslarda və təlimlərdə təmsil olunmuşdur.
Elmi fəaliyyətdə əsas yeniliklər
Son illərdə MDU-da akademik heyətin tədqiqat bacarıqlarının artırılması, ölkənin və regionun dayanıqlı inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi tədqiqatların həyata keçirilməsi, tələbələrin tədqiqat və innovasiya fəaliyyətlərinə cəlb edilməsinin təşviqi istiqamətində görülən işlərin nəticələri hesabat dövründə elmi potensialın daha da güclənməsində özünü büruzə vermişdir.
Elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsi, nüfuzlu yerli və beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artması ilə nəticələnmişdir. 2023-cü ilin ilk altı ayı ərzində MDU əməkdaşlarının 378-i Azərbaycanda, 90-ı xaricdə olmaqla, ümumilikdə 468 tezis və məqaləsi dərc olunmuşdur. Müqayisə üçün qeyd edək ki, keçən il ərzində ümumilikdə universitet əməkdaşlarının 150 tezis və məqaləsi çap olunmuşdur. MDU üzrə Web of Science bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin ümumi sayı 33-ə, Scopus bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrin ümumi sayı 14-ə çatmışdır. Müqayisə üçün qeyd edək ki, bu məqalələrin müvafiq olaraq 76%-i (25 məqalə) və 86%-i (12 məqalə) 2019-cu ildən 2023-cü ilin ilk 6 ayına qədər olan dövrün payına düşmüşdür.
Hesabat dövründə MDU-nun “Dayanıqlı inkişaf” elmi jurnalının II cildinin birinci və ikinci nömrələri olmaqla növbəti iki buraxılışı işıq üzü görmüş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnalda MDU ilə yanaşı, ölkənin bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alim və gənc tədqiqatçıların, eləcə də xarici ölkə professorlarının dayanıqlı inkişafın müxtəlif aspektlərinə həsr olunan məqalələri dərc edilmişdir.
MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 32 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında dissertant və doktorantdırlar. 2022/2023-cü tədris ilində universitetin 6 əməkdaşı fəlsəfə doktoru diplomu alıb, 3 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir.Bundan əlavə, MDU-nun 2 əməkdaşı Türkiyənin Qazi Universitetində və Ankara Hacı Bayram Veli Universitetində doktorantura təhsillərini davam etdirirlər.Cari tədris ilindən etibarən, ilk dəfə olaraq respublikamızın bir sıra aparıcı ali təhsil müəssisələrində doktoranturaya qəbul planında yalnız MDU əməkdaşları üçün 14 məqsədli yerin nəzərdə tutulması regionda yüksəkixtisaslı elmi kadrlara olan təlabatın qarşılanmasına hədəflənmişdir.
Hesabat dövründə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin elmi əsaslarla öyrənilməsi və təbliğinə prioritet əhəmiyyət verilmişdir. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq MDU-da müxtəlif formatlı elmi tədbirlər və çoxşaxəli fəaliyyətlər həyata keçirilmişdir. Mayın 10-da MDU-da “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda keçirilən respublika elmi konfransı ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Bundan əlavə, cari tədris ilinin yaz semestri ərzində universitetin təşkilatçılığı və birgə tərəfdaşlığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”, “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, “Milli dövlətçiliyimizin xilaskarı”və “Heydər Əliyevin xilaskar qayıdışı” mövzularında elmi konfranslar keçirilmişdir. Həmçinin universitetdə Ümummilli Liderin 100 illiyinə həsr olunan müxtəlif mövzularda elmi seminar, “dəyirmi masa” və mühazirələr təşkil olunmuşdur. Eləcə də, cari ilin iyun ayında Azərbaycanın Türkiyədəki Səfirliyi və MDU-nun birgə təşkilatçılığı ilə Qazi Universitetində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”, Ankara Hacı Bayram Veli Universitetində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzularında keçirilən beynəlxalq konfranslar böyük maraqla qarşılanmışdır.
Payız semestri ərzində Qarabağ Zəfərinin ikinci ildönümü və “Şuşa İli” münasibətilə MDU-da silsiləvi elmi konfranslar keçirilmişdir. Bunlar arasında Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin KTO Karatay Universiteti və İstanbul Gedik Universiteti ilə birlikdə tarixi Zəfərə həsr olunan 2 beynəlxalq elmi tədbiri xüsusi qeyd etmək olar.
Hesabat dövründə MDU-da iki beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Həm 2022-ci ilin 16-17 dekabr tarixlərində MDU-da Elm və Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Fizika İnstitutunun dəstəyi ilə “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransa (ISCERA 2022), həm də 2023-cü ilin fevralın 24-25 fevral tarixlərində MDU və Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə Hoca Əhməd Yəsəvi adına VII Beynəlxalq Elmi Tədqiqatlar Konfransa yerli və xarici tədqiqatçılar tərəfindən böyük maraq göstərilmişdir.
Həmçinin, cari tədris ilində MDU, AzTU və Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbələrin elmi-praktiki seminarı, “Azərbaycanda kiber ekosistemin formalaşması” və “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzularında elmi-praktik konfranslar keçirilmişdir.
Habelə, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr olunan, o cümlədən Anım Günü, Müstəqilliyin Bərpası Günü, Müstəqillik Günü, Konstitusiya Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, 20 Yanvar faciəsi, Xocalı soyqırımı günü, Energetiklər Günü, Elm Günü, Akademik Zərifə Əliyevanın 100 illiyi, Mingəçevir şəhərinin 74 illiyi, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi və Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilmişdir. Bundan əlavə, MDU əməkdaşları tərəfdaş yerli və xarici universitetlərdə təşkil edilən beynəlxalq elmi konfranslarda fəal təmsil olunmuşdurlar.
(ardı var)
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru