You are currently viewing Rektor Şahin Bayramov: Xocalı qətliamı Ermənistanın irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin acı nəticəsidir (AZƏRTAC  26.02.2023)

Rektor Şahin Bayramov: Xocalı qətliamı Ermənistanın irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin acı nəticəsidir (AZƏRTAC 26.02.2023)

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin acı nəticələrindən biridir. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən bu tarixi cinayət vəhşi və vandal xislətli erməni mənfurlarının bəşəriyyət üçün necə təhlükə olduğunu bir daha dünyaya göstərdi.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 31 il bundan əvvəl, fevral ayında Xocalıda 613 günahsız dinc insan, o cümlədən qocalar, qadınlar və uşaqlar xüsusi amansızlıqla soyqırımına məruz qaldı, şəhər bir gecədə Yer üzündən silindi. İtkin düşən Xocalı sakinlərinin sonrakı taleyi barədə hələ də bu günə qədər heç bir məlumat yoxdur. Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik və nifrət hissləri, faşist və işğalçı niyyətləri bu faciəyə gətirib çıxardı. Düşmən həm də xalqımızın mübarizlik əzmini və iradəsini sındırmaq məqsədi daşıyırdı. Beynəlxalq birliyin sərt qınaq və təzyiqlərinə məruz qalmamaları, əksinə bir çox hallarda xarici havadarlarından dəstək almaları onların daha da azğınlaşmasına səbəb olmuşdu.

Əsrin faciəsinə ölkəmizdə yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk siyasi-hüquqi qiymət verildiyini söyləyən Ş.Bayramov deyib: “Hazırda Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı qətliamının dünyada tanıdılması istiqamətində mühüm iş aparılır. Eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işləri uğurla davam etdirilir. Hazırda bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ölkənin parlament nümayəndə heyəti, ABŞ-ın 24 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

“Lakin bu dəhşətli soyqırımına bütövlükdə beynəlxalq birlik tərəfindən siyasi-hüquqi qiymət verilmədikcə və cinayətkarlar layiqli cəzalarını almadıqca dünyada buna bənzər təhlükələrin baş verməyəcəyinə zəmanət vermək olduqca çətindir.

Məhz 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər mənfur düşmənə ən kəsərli cavab oldu və bununla Xocalı qurbanlarının da qisası alınmış oldu. İnanırıq ki, Prezidentimizin uğurlu və məqsədyönlü siyasəti sayəsində tezliklə doğma Qarabağımızın bütün guşələri kimi, Xocalı da yenidən qurulacaq. Əminik ki, Xocalı soyqırımını törədənlər diplomatik sahədə və beynəlxalq hüquq müstəvisində aparılan uğurlu fəaliyyət nəticəsində öz layiqli cəzalarını alacaqlar”, – deyə MDU-nun rektoru əlavə edib.