You are currently viewing Şahin Bayramov: Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi hesab edilən qalib Azərbaycan Ordusu ilə qürur duyuruq

Şahin Bayramov: Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi hesab edilən qalib Azərbaycan Ordusu ilə qürur duyuruq

  • Post category:Patriotism

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyini qalib ölkənin qalib vətəndaşları kimi sonsuz sevinc və fəxarət hissləri ilə yüksək bayram əhval-ruhiyyəsində qeyd edirik.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk hərbi hissə kimi yaradılan əlahiddə Azərbaycan korpusunun ömrü qısa olsa da, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və gücləndirilməsi strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyanın 50 ən güclü orduları sırasında yer alan, Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi hesab edilən qalib Azərbaycan Ordusu ilə qürur duyuruq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bildirib.

Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri doğma yurdlarımızı düşmən işğalından azad edərək tarixi ədaləti və milli qürurumuzu bərpa etdi. Ordumuz qısa müddətdə apardığı əks-hücum əməliyyatları nəticəsində möhkəm tikilən istehkamlara və mürəkkəb relyefin yaratdığı təbii maneələrə baxmayaraq, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızdan düşməni qovdu və ermənilərin “məğlubedilməz ordu” mifini darmadağın etdi. Dinc sakinlərimizi hədəfə alaraq düşmən xain və mənfur əməllərə əl atsa da, Silahlı Qüvvələrimiz yalnız döyüş meydanında onlara sarsıdıcı zərbələr vuraraq öz gücünü və yenilməzliyini bariz şəkildə dünyaya nümayiş etdirdi. Ordumuz müasir texnologiyalardan istifadə etməklə XXI əsr üçün nümunəvi hesab edilən döyüş strategiyası və taktikası ilə adını dünya hərb tarixinə şərəflə yazdı. Təsadüfi deyil ki, bu gün dünyanın bir çox hərbi təhsil müəssisələrində və tədqiqat mərkəzlərində Ordumuzun şanlı qalibiyyət təcrübəsi öyrənilir və təhlil edilir.

Əsgər və zabitlərimizin peşəkar hazırlıqları ilə yanaşı, onların yüksək mənəvi ruha sahib olması da tarixi Zəfərin qazanılmasında həlledici amillərdən olduğunu söyləyən rektor deyib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”. Şübhəsizdir ki, 44 günlük Vətən müharibəsində hərbçilərimizin bu yüksək mənəvi ruhu və mübarizlik əzmi Ali Baş Komandanın böyük sərkərdəlik məharətindən, onun cəsarətli və qətiyyətli çıxışlarından, xalqın mənəvi dəstəyindən, haqq-ədalətin tərəfimizdə olmasından və vətənpərvərlik tərbiyəsindən qaynaqlanırdı. Xüsusilə qeyd olunmalıdır ki, tarixi Zəfər yürüşündə əsas missiyanı məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvərlik ruhunda yetişən gənc nəsil yerinə yetirdi.

Vətənimizin bütövlüyü və parlaq gələcəyi naminə qanları və canları bahasına tarixi Zəfərin qazanılmasında böyük pay sahibi olan qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad edirik, onların ruhları qarşısında baş əyirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.

Dövlət müstəqilliyimizin qarantı olan Silahlı Qüvvələrin gücləndirilməsi sahəsində işlər postmüharibə dövründə də uğurla davam etdirilir. Ölkə başçısının vurğuladığı kimi, “Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”. Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı zabitlərin və peşəkar hərbçi kadrların yetişdirilməsi istiqamətində həyata keçirilməkdə olan məqsədyönlü tədbirlər deməyə əsas verir ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi etibarlı şəkildə qorunur. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Yaşasın Azərbaycan xalqı!”.