Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən “Study in Azerbaijan” sərgisində Mingəçevir Dövlət Universiteti (MDU) də iştirak edib. 27–31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə baş tutan sərgidə universiteti Beynəlxalq Əməkdaşlıq Ofisinin koordinatoru Samirə Əhmədova təmsil edib.
Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev MDU-nun stendinə yaxınlaşaraq universitet barədə məlumat əldə ediblər. S.Əhmədova sərgi iştirakçılarına universitetin tədris imkanları, beynəlxalq əməkdaşlıq proqramları, müxtəlif ixtisaslar üzrə təhsil perspektivləri və tələbə həyatı barədə ətraflı məlumat verib.
Sərgi çərçivəsində universitetlər arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və beynəlxalq təhsil əməkdaşlığının yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar yaradılıb.
MDU-nun sərgidə iştirakı ali təhsilin beynəlmiləlləşməsinə verdiyi töhfənin və beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyinin göstəricisi olaraq diqqət çəkib.