Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin (TKİM) təşkilatçılığı ilə Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə dair maarifləndirici görüş keçirilib.
Tədbiri giriş nitqi ilə açan TKİM-in müdiri Nuran Cəfərov maarifləndirici görüşün təşkilində əsas məqsədin müəllimlik ixtisaslarında təhsil alan tələbələri MİQ prosesi ilə yaxından tanış etmək, onları imtahan mərhələləri və qiymətləndirmə meyarları barədə məlumatlandırmaq, həmçinin hazırlıq prosesində düzgün istiqamətə yönəltmək olduğunu bildirib.
Sonra, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova təqdimatla çıxış edib. O, çıxışında MİQ müsabiqəsinin mərhələləri, müsabiqəyə müraciət qaydaları, qiymətləndirmə meyarları və namizədlər üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verib. Təqdimatda MİQ müsabiqəsinin ümumilikdə elektron sənəd qəbulu, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarət olduğu bildirilib, namizədlərin test imtahanında ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyalarına dair isə 20 sual cavablandırmalı olduqları diqqətə çatdırılıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablanıdırlıb, müzakirələr aparılıb.
MDU-nun Təcrübə və Karyera İnkişafı Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər gələcəkdə də davam etdirilərək tələbələrin əmək bazarına inteqrasiyasına dəstək vermək məqsədini daşıyır.