2024-cü il fevralın 22-də Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Susmayacaq bir haray: Xocalı harayı” mövzusunda mühazirə keçirilib. Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə MDU-nun Təhsil fakültəsinin tələbə və magistrantları iştirak edib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı Soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Mühazirəni giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Xocalı soyqırımı qurbanlarını dərin hüzn və hörmətlə yad edərək onlara Allahdan rəhmət diləyib. Keçən illərdən fərqli olaraq artıq Xocalı soyqırımını Xocalı ilə birlikdə anıldığını diqqətə çatdıran kafedra müdiri başıuca, qalib xalq kimi günahsız qurbanların qisasının alınması qürurunu yaşadığımızı qeyd edib. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlməsindən sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verdiyini bildirən E.Cəfərova onun bu addımının ermənilərin törətdiyi insanlıq əleyhinə cinayət və terror aktlarını dünyaya tanıtmağa bir önəm olduğunu vurğulayıb. Mənfur düşmənin bu gün məğlub olmasına baxmayaraq, hələ də öz xislətindən, çirkin əməllərindən əl çəkməməsindən söhbət açan kafedra müdiri gələcək nəsilə öz tarixini, başına gələn amansız hadisələrin təbliğinin vacibliyini vurğulayaraq keçirilən mühazirənin önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov mühazirə ilə çıxış edib.
Çıxış zamanı tələbələrə Xocalı şəhəri haqqında, baş vermiş soyqırımın mahiyyəti və xarakteristikası, 1967-ci ildə baş verən erməni faktorunun yalan və gerçək tərəfləri, Xocalı soyqırımına siyasi müstəvidə verilən qiymət, işğalın strateji və ideoloji faktorları, şanlı zəfərdən sonra Qarabağda aparılan quruculuq işləri, Xocalının bu günü, orada aparılan quruculuq və çiçəklənmə işləri və gələcək perspektivləri haqqında məlumat verilib, mənfur düşmənə və onun çirkin əməllərinə qarşı daim ayıq-sayıq olmalarının gərəkdiyini bildirilib.
Təqdim olunan mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Xocalı Soyqırımının otuz ikinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə anılır.