2023-cü ilin dekabrın 9-da Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda hibrid formatda təşkil edilən beynəlxalq elmi konfransın onlayn bölmə iclasları keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil edilən 18 onlayn bölmə iclasında dünyanın 9 ölkəsindən (Azərbaycan, Türkiyə, Ukrayna, Latviya, Litva, Qırğız Respublikası, Rusiya, Almaniya və ABŞ) alim və tədqiqatçılar təmsil olunub.
Bölmə iclaslarında davamlı inkişaf strategiyası, keyfiyyətli təhsil, dördüncü sənaye inqilabı, yaşıl enerji, təmiz ətraf mühit, postkonflikt inkişaf çağırışları, humanitar elmlərdə yeni tendensiyalar, türk dünyası, turizmin davamlı inkişafda artan rolu və digər mövzularda məruzələr dinlənilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra beynəlxalq konfransın işinə yekun vurulub.
Qeyd edək ki, MDU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. Beynəlxalq konfransa MDU ilə yanaşı, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti və Qırğız Respublikasının Qırğız İqtisad Universiteti həmtəşkilatçılıq edib. Dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və müvafiq qurumlarından beynəlxalq konfransa ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olub.