MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub

  • Post category:MDU xəbərləri

2022-ci ilin 16 aprel tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turunda iştirak məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi Gəncə şəhərində olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin evsahibliyi ilə keçirilən seçim turunda regionun bir sıra ali təhsil müəssisələri təmsil olunublar.

Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival gəncləri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda hazırlamaq məqsədi daşıyır.

Seçim turunda bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş etdirən MDU tələbələrinin çıxışı maraqla qarşılanıb.

Tələbələrin ifalarının qiymətləndirilməsi Azərbaycan Milli Konservatoriyasının müəllimi, xalq artisti, münsiflər heyətinin sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.

Qeyd edək ki, müsabiqə-festival qaliblərinin yekun konserti 2022-ci ilin may ayının birinci yarısında Bakı şəhərində keçiriləcəkdir.