Elmi Şuranın növbəti iclası keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Gündəliyə uyğun olaraq, iclasda “2022-2023-cü tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti”, “İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti” və “MDU-da ictimaiyyətlə əlaqələrin təşkili” haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra, müvafiq tövsiyələrin nəzərə alınması ilə hər üç hesabat qəbul edilib.

Sonra, cari məsələlərə baxılması ilə davam edən iclasda MDU-nun Keyfiyyət Təminatı üzrə Komissiyasının Əsasnaməsi layihəsi, Rəqəmsal inkişaf və layihələrlə iş şöbəsinin yaradılması, universitetin akademik heyət üzvlərinin həmmüəlliflik etdikləri dərs vəsaitlərinin nəşr olunması haqqında təkliflər müzakirəyə çıxarılıb və qəbul edilib.

İclasın sonunda rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və uğurlar arzulayıb.