Mingəçevir Dövlət Universitetinin alimi tərəfindən “İqtisadiyyata giriş” adlı yeni dərs vəsaiti işıq üzü görüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin alimi tərəfindən

“İqtisadiyyata giriş” adlı yeni dərs vəsaiti işıq üzü görüb

Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Ofeliya Səmədovanın müəllifi oldugu “İqtisadiyyata giriş” adlı yeni dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1108 nömrəli 08.12.2015-ci il tarixli “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmrinə müvafiq olaraq Mingəçevir Dövlət Universiteti Elmi Şurasının 04 aprel 2018-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 “İqtisadiyyata giriş” adlı dərs vəsaiti ölkənin ali təhsil müəssisələrinin iqtisadiyyat və idarəetmə istiqamətinin ixtisaslarında təhsil alan tələbələrin nəzəri biliklərini artırmaq və professional bacarıqlarını təkmilləşdirmək məqsədilə tərtib olunmuşdur. Kitabda iqtisad elminin yaranması, tarixi inkişafı və müasir dövrdə mövcud problemləri ardıcıl və metodiki şəkildə təhlil olunmuşdur.

Müəllifin qənaətinə görə ölkəmizin ali təhsil müəssisələrinin iqtisadi təlimlər üzrə təhsil alan tələbələrə təqdim olunan “İqtisadiyyata giriş” kitabı tələbə-gənclərin, çeşidli iqtisadi sahələrdə çalışan mütəxəssislərin və müasir iqtisadi münasibətlər sistemində baş verən yeniliklərdən agah olmaq istəyən geniş oxucu kütləsinin durmadan inkişaf etməkdə və dəyişməkdə olan iqtisadi dünya görüşlərinin zənginləşdirilməsində, iqtisadi təfəkkürlərinin zamanın çağdaş tələblərinə uyğun şəkildə artırılmasında əlverişli vasitə olacaqdır.   

Dərs vəsaitinə daxil edilmiş mövzular, əsasən “İqtisadiyyata giriş” fənninin proqramına və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq Dövlət Standartlarının tələblərinə uyğun hazırlanmışdır.

“İqtisadiyyata giriş” adlı dərs vəsaitinin elmi redaktoru Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov, rəyçilər Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Fizuli Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar sahənin iqtisadiyyatı” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Asəf Qasımov, Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Emiliya Hüseynova, Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Fərman İsgəndərov olmuşdur. Texniki redaktoru və dizayn işləri Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən həyata keçirilmişdir.  

Qeyd edək ki, “Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC tərəfindən nəşr edilən və 376 səhifədən ibarət olan “İqtisadiyyata giriş” adlı dərs vəsaitinin müəlifi Ofeliya Səmədova tələbələrə iqtisadi dünyagörüşlərini müasir – postindustrial tələblərə uyğun tərzdə inkişaf etdirmək, yüksək peşəkarlıq və səriştə qazanmaq, davamlı maariflənmək və mükəmməl şəxsiyyət kimi yetişmək istiqamətində böyük uğurlar arzu edib.

{phocagallery view=category|categoryid=55|limitstart=0|limitcount=0}