2024-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib. Universitetin 2-ci tədris binasının həyətində təşkil olunan tədbirdə MDU-nun Təhsil və Mühəndislik fakültələrinin bir qrup tələbə və magistrantları iştirak edib.
Tədbirdə çıxış edən Mexanika kafedrasının müəllimi İlham Məmmədov Ümumdünya Mülki Müdafiə Gününün önəmi haqqında danışıb. Bu əlamətdar günün qeyd edilməsinin əsas məqsədinin dünya ictimaiyyətinin diqqətinə mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltmək olduğunu bildirib. O, fövqəladə fəlakətlər və böhranlar zamanı əhalinin mülki müdafiəsinin təmin edilməsi və idarə olunmasına dair maarifləndirici söhbətlər aparıb, tələbələrin fövqəladə hallara qarşı hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hər il 1 mart tarixi Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığının təmin edilməsi ilə bağlı müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.