You are currently viewing Novruz adətləri folklorda

Novruz adətləri folklorda

Novruz ilin başlanğıc günü hesab olunur. Dünyanın bir çox yerlərində Novruzu yeni həyatın canlandığı ilk gün kimi qeyd edirlər. Novruz bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən yaz bayramıdır. Azərbaycanın folklor, musiqi və təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə təzahürünü tapıb.

Novruz bayramı ilə bağlı söylənilir ki, Həzrəti Əlinin Novruz adlı bir gənc dostu varmış. Əli bayramı günü Novruz başdan-ayağa qıpqırmızı paltar geyinmişdi. Həzrəti Əli yeni gündə, yəni bayram günündə öz gənc dostu Novruzu öz taxtında əyləşdirib və hamıya deyib:

-Siz bu günü Əli bayramı adlandırsanız da, bu gün Novruzun bayramıdır. Bax, görürsünüzmü, hərə bir cür paltar geyinib, Novruz isə qıpqırmızı, bayram libası. Geniş mənada, yeni gün, ilin başlanğıcı, Əli bayramı adlansa da, o, Həzrət Əlinin sözü ilə müsəlman folklorunda Novruz bayramı kimi xatırlanır.

Novruz bayramı adət-ənənəmizdə, folklorumuzda öz qədimliyini qoruyub saxlayır. Novruz günü bütün ev-eşik təmizlənir, əşyaları bayıra havaya çıxarılır. Bu bayram da küsülülər barışmalıdırlar. Bayram aşı bişəndə bütün qonşular bir-birinə qonaq gedir, o nemətdən bir yerdə dadırlar. Novruz günü bütün cavan qızlar qapıları pusmağa, yaxşı söz eşitməyə gedərlər.Tonqalların üstündən hoppanarlar. Öz ağırlığını, uğurluğunu qoyub o taya keçərlər. Novruz bayramında hər evdə səməni cücərdilməlidi və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.Bir sözlə, Novruzda həyat yenidən başlanır. Folklorumuzda Novruz bayramı ilə bağlı nümunələrə rast gəlmək mümkündür. Novruz – bahar, yaz bayramının şərəfinə söylənilən qədim nəğmələrdən biri;

Xonçaya qoydum balığı,

Al boyadım ortalığı,

Gərdişə sal çalmalığı,

Çünki gəlibdi Firuz,

Xoş keçəcəkdi Novruz.

Novruz bayatıları –bayatı xalq şeirinin əski nümunəsidir. Örnəklərdə Novruz bayramı və onun ənənələri öz əksini tapmışdır;

Mən aşiq xoşa gəldi,

Oxudu coşa gəldi,

Sevimli bahar fəsli,

Novruzla qoşa gəldi.

Mən aşiqəm halı var,

Dəymişi var, kalı var,

Novruzda gənc qızların,

Axşam qulaq falı var.

Novruz inamları- yüzilliklərin müşahidəsi, sınaması nəticəsində yaranmış inam nümunələri;

  Novruz bayramı süfrəsinə su dolu qab qoyub içinə xırda balıq buraxırlar.

Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzünə burun vurunca ilin təhvil olduğu bilinərmiş.

  Novruz bayramında bir-birlərini təbrikə gedənlər getdikləri evin ailə üzvləri sayı qədər bişmiş və qırmızı rənglə boyanmış yumurta aparırlar. Bu həmin ailəyə cansağlığı, xoşbəxtlik arzulamaq nişanəsidir.

  Novruz bayramı axşamında yandırılmış tonqal sönənə yaxın üzərlik səpib deyərlər; “ Ocağımıza əyri baxanın gözləri partlasın, özü yanıb çatlasın”.

Novruz tapmacaları- tapmaca xalq ədəbiyyatının ən əski janrlarındandır. Tapmacalarda Novruz bayramı atributları da öz əksini tapmışdır;

Alov deyil, fanaram,

Ayı, günü sanaram,

Novruzun xonçasında,

Hər bir ada yanaram.

                                                                                                                                                                           ( Şam)

Ağzı bağlı , bizə tanış,

Ayparadı,üstü naxış.

                              (şəkərbura)

Yanıltmac-çətin sözlərin düzgün tələffüzü ilə nitqin inkişafına kömək edən xalq yaradıcılığı nümunəsidir. Novruz bayramı günlərində uşaqlar bir yerə toplaşıb yanıltmac söyləmə yarışı da keçirirlər. Yarışın qalibi qırmızı rənglə boyanmış yumurta ilə mükafatlandırılır. Yanıltmaclardan Novruz bayramı ilə bağlı nümunəyə nəzər salaq;

-Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm, çərşənbələşməsən də,çərşənbələşəcəyəm.

Novruzxalqları birliyə, həmrəyliyə, qarşılıqlı anlaşmaya və dostluğa səsləyən bayramdır. Novruz adətləri Azərbaycanın müxtəlif güşələrində, bölgələrində təntənəli şəkildə keçirilir. Milli etiqada dayanaraq səməni cücərtmək, yumurta boyamaq, tonqal qalamaq, torba atmaq, şirniyyat (şəkərbura, paxlava, qoğal, südlü çörək və s.) bişirmək, meyvə vəçərəzlərdən xonça düzəltmək kimi atributlar bayramın hansı ərazidəkeçirilməsindən asılıolmayaraq dəyişilməzdir. Bütün bu adətlər folklorumuzda da öz əksini tapır və zaman keçsədə, bu adətlər yaşadılır.

Səbinə Novruzova

Humanitar fənlər kafedrasının müəllimi