Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının müəllimi Səadət Şıxəliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Bu münasibətlə, 2022-ci ilin oktyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov universitetin Energetika kafedrasının müəllimi S.Şıxəliyeva və həmin kafedranın müdiri Ü.Aşurova ilə görüşüb.
Görüşdə universitetdə kadr potensialının gücləndirilməsinin və mühəndislik sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlığının əsas prioritetlərdən olduğunu vurğulayan Ş.Bayramov bu baxımdan MDU-da elmi dərəcəli akademik heyət üzvlərinin sıralarının genişlənməsinin önəmini diqqətə çatdırıb.
Yeni dövrün universitetinə çevrilmək yolunda gənc alimlərin üzərinə düşən vəzifələrdən bəhs edən rektor elmi dərəcəyə layiq görülməsi münasibətilə S.Şıxəliyevanı təbrik edib, elmi və pedaqoji fəaliyyətində ona uğurlar arzulayıb.
Sonra, AAK-ın müvafiq diplomu S.Şıxəliyevaya təqdim edilib.
Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən görüş iştirakçıları MDU-nun müasirləşməsi və potensialının inkişafı ilə bağlı üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.