Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə

  • Post category:Xəbərlər (AZ)

Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş Qələbə

 

2021-ci il mart ayının 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşü tarixi hadisələrdəndir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin buradakı çıxışı Azərbaycan həqiqətlərinin dünyaya bir daha çatdırılması üçün imkan yaradıb. Qeyd olunub ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayırdı. Həmin illərdə bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdı.

Ermənistan Azərbaycana qarşı soyqırımı törətməklə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışdı. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür.

Doxsanıncı illərdə müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə dostluq və əməkdaşlıq quran Azərbaycanın nüfuzu artmışdır ki, bunun sayəsində beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti görünmürdü. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qalırdı. Erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbinin icrasına mçünasibət çox biganə idi.

Bundan başqa ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Düşmən ölkə isə öz havadarlarına söykənərək işğalçılıq siyasətini artırmağa cəhd edirdi. Danışıqlar fayda vermirdi. Çıxış yolu yalnız hərb idi. Hələ 1994-cü ildə atəşkəs əldə edilsə də düşmən öz məkrli niyyətindən qalmır, sərhəd bölgələrimizi davamlı olaraq atəşə tutur, dinc insanları öldürür, əkin sahələrinə, ərazilərə, tikililərə ziyan vururdu. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hücumu Azərbaycan Ordusu tərəfindən adekvat cavablandırıldı. İlk günlərdən Azərbaycan Ordusunun üstünlüyü özünü göstərməyə başladı. Ali Baş Komandan İlham Əiliyevin qətiyyəti ilə formalaşan müzəffər ordumuz günbəgün irəli gedir, kəndlər,qəsəbələr, yüksəkliklər, rayon və şəhərlərimiz azad edilirdi.

Zirvə görüşünün iştirakçısı olan dövlətlər onsuz da həqiqətləri bilir. Lakin düşmənin etdiyi barbarlıqlardan dönə-dönə bəhs etmək lazımdır ki, gələcək nəsillər də xalqımıza qarşı törədilən vəhşilikləri bilsinlər. Çünki, heç bir tarixi keçmişi olmayan erməni milləti bizim torpaqlarda özləri üçün tarix yaratmağa, abidələr kəşf etməyə çalışıblar. Lakin onların bu xəyalı həyata keçmədi. Azərbaycanın səfalı guşələrində, barlı-bəhrəli ərazilərimizdə, dağlarda, meşələrdə düşmən o qədər insanlığa sığmayan hərəkətlər, cinayətlər törədib ki, sadalamaqla bitmir. Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq hələ də dağıtdıqları ərazilərdən basdırdıqları minalar aşkarlanır. Mina təmizləmə zamanı da günahsız insanlıar həlak olublar, yaralanıblar. Bəli,bu vəhşiliyin adı yoxdur.

Müharibə üçtərəfli bəyanat ilə başa çatdı. İndi azad olunan torpaqlarımızda quruculuq işlərinin ilkin mərhələsi həyata keçirilir. Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır.

Dövlətimizin başçısı çıxışında ermənilərin barbarlıqlarından bəhs edib. Qeyd edib ki, Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi dətəxribat xarakterli addım idi.

Azərbaycan təxribatlardan uzaq bir ölkədir, bizim xalqımız təmkinli xalqdır, yalnız ədalətin bərpa olunmasını tələb edib. 44 günlük müharibə zamanı müharibədən çox-çox uzaqlarda olan şəhər və rayonlara, hətta bizim doğma şəhərimiz olan Mingəçevirə də dəfələrlə raketlər yağdıran ermənilər elə güman edirdilər ki, Azərbaycan Ordusunun şəxsi heyəti də Ermənistanın şəhərlərinə atəşlər yağrıracaq. Və onlar bunu istəyirdilər. Lakin Ali Baş Komandanımız İlham Əliyevin təmkini, iradəsi buna yol vermədi. Dinc insanlara qarşı silahlı hücum ola bilməzdi. Müharibə yalnız bir istiqamətdə aparılırdı, işğal olunan ərazilərdən ermənilərin qovulıması ilə davam edirdi.

Məqsəd bir idi, torpaqlarımız azad olunsun, ədalət bərpa olunsun. Və belə də oldu. Azərbaycanın cəsur əsgər və zabitlərinin canı, qanı bahasına Azərbaycan zəfər qazandı. İyirmi birinci əsrdə Azərbaycan Ordusu əsrin müharibəsində əsrin qələbəsini qazandı. Dünənə dəqər Azərbaycan oğullarının cəsarətinə, qəhrəmanlığlına şübhə ilə yanaşan ermənilər və onların havadarları gördülər ki, ədalətin qarşısında heç nə dura bilməz. Müharibə beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə aparıldı və xalqımız son iki əsrdə görünməyən qələbəni qazandı.

2020-ci il Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzaladığı Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb.

Dəhşətli haldır ki, işğal zamanı şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir dənədə olsun salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar.

44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi.

İllərdən sonra xalqımız böyük zəfər qazanan bir millət, xalq kimi fərəhlənir və buna haqqı var. Çünki bu qələbəni Azərbaycan övladı vətənə olan sevgisi ilə qazanıb. Şəhid olaraq, yaralanaraq, gecə gündüz soyuq səngərlərdə keşik çəkməklə savaşıb və qalib olub. Bu gün Azərbaycanın üçrəngli bayrağı azad olunan torpaqlarımızda dalğalanır. Gün gələcək bu torpaqlarda həyat bərpa olunacaq, illər əvvəl məcburən köçkün düşən insanların övladları bu torpaqlarda yenidən məskən salacaqlar.

 

Namaz Manafov

Filologiya üzrə fəlsəfə doktoru