Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi MDU-da təlim keçib

2022-ci ilin 19 – 28 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının baş müvəkkili Ülvi Məmmədov tərəfindən tələbələr üçün təlimlər keçirilib.

Təlimlər gənclərdə liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sosial məsuliyyət hisslərinin gücləndirilməsi və könüllülük fəaliyyətinin təşviqi məqsədi daşıyıb.

Ayrı-ayrı təlim günlərində Ü.Məmmədov “Liderlik və komanda quruculuğu”, “Ünsiyyət bacarıqları”, “Azərbaycanda skaut olmaq” və “Uşaq hüquqlarının təşviqi” mövzularında təqdimatlarla çıxış edib.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ü.Məmmədov hazırda MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibatlıq ixtisası üzrə ali təhsil alır. O, bir çox ölkələrdə təşkil edilən təhsil, təcrübə və mübadilə proqramlarında, eləcə də “Erasmus+” beynəlxalq mübadilə proqramında iştirak edib. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində Skaut və Bələdçilər Akademiyasından məzun olan Ülvi Məmmədov skaut fəaliyyəti ilə məşğuldur. Azərbaycan Skautlar Assosiasiyasının baş müvəkkili vəzifəsində çalışan Ülvi Məmmədov bir sıra yerli və beynəlxalq layihələrin həyata keçirilməsinə rəhbərlik edib.